Bakı. Trend:
İyulun 21-də İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların Inkişafi Agentliyinin (İZİA) təşkilatçılığı ilə Sumqayıt Kimya Sənaye Parkında yeni fəaliyyətə başlayan istehsal müəssisələrinə mediatur təşkil edilib.
Trend-in məlumatına görə, media nümayəndələrinə əvvəlcə ölkədə fəaliyyət göstərən sənaye zonaları, eləcə də Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlər barədə məlumat verilib. Bildirilib ki, sənaye zonaları üzrə indiyədək 108 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 60-ı fəaliyyətə başlayıb. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,4 milyard manatdan çox investisiya yatırılıb və 10100-dən artıq daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 450 milyon manatdan çox investisiyanın yatırılması və 4500-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Sənaye zonalarında indiyədək ümumilikdə 7,17 milyard manatdan çox məhsul istehsal edilib ki, bunun da 2,3 milyard manatlıq hissəsi (təqribən 32,7 %-i) ixrac olunub.
Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyalarının həcmi təqribən 3,27 milyard ABŞ dollarından artıq olan 31 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. İndiyədək Sənaye Parkına rezidentlər tərəfindən 3,1 milyard ABŞ dollarına yaxın investisiya yatırılıb. Qeydiyyata alınmış 31 rezidentdən 19-u artıq fəaliyyət göstərir. Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika müşahidə olunur. Belə ki, 2021-ci ilin I yarısında Sənaye Parkında 794 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2022-ci ilin analoji dövründə bu göstərici 52,14% çox – 1,2 milyard manat olmuşdur. İstehsal olunan məhsulların ixrac rəqəminə nəzər salsaq, 2021-ci ilin I yarısı (267,5 milyon manat) ilə müqayisədə bu rəqəm 1,9 dəfə artaraq 2022-ci ilin I yarısında 508 milyon manat təşkil edib.
Daha sonra media mənsubları Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azərsulfat” MMC-nin Sulfat turşusu istehsalı müəssisəsində olublar. Diqqətə çatdırılıb ki, Sənaye Parkının 1,5 hektar ərazisində inşa edilmiş müəssisədə mineral gübrələrin (superfosfat, amonium-sulfat) istehsalında, kimya sənayesi və metallurgiyada, neft sənayesində təmizləyici maddə kimi istifadə edilən sulfat turşusu məhsulunun istehsalı həyata keçirilir. İllik istehsal gücü 20 min ton, ümumi investisiya həcmi 10 milyon manatdan çox olan müəssisədə 34 nəfər daimi işlə təmin edilib. Zavodun məhsulları ilkin mərhələdə daxili tələbatın ödənilməsinə yönəldiləcək, növbəti mərhələlərdə isə xarici ölkələrə ixrac ediləcək.
“Glassica” QSC-nin Şüşə tara məhsullarının istehsalı müəssisəsində olan KİV nümayəndələrinə məlumat verilib ki, ümumi investisiya dəyəri 20 milyon manatdan çox olan müəssisənin illik istehsal gücü 90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsulları (butulka) təşkil edir. Müəssisədə istehsal olunan məhsullar daxili tələbatı tam ödəməklə yanaşı, xarici bazarlara da ixrac ediləcək.
Sənaye Parkının 2,6 hektar ərazisində inşa edilmiş müəssisədə 160 nəfər daimi işlə təmin ediləcək.
Müəssisənin layihələndirilməsi və qabaqcıl texnologiyalarla təchiz olunması Almaniyanın dünyada şüşəəritmə texnologiyaları sahəsində 135 ildən çox təcrübəyə malik “HORN Glass Industries AG” şirkəti tərəfindən həyata keçirilib.
Bundan başqa, media nümayəndələrinə iyulun 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə təməli qoyulmuş müəssisələr barədə məlumat verilib. Qeyd edilib ki, “Az-Tex-Import” MMC tərəfindən Sənaye Parkının 4 hektar ərazisində İtaliyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə “IVECO” markalı yüngül, orta və ağır tonnajlı yük və xüsusi təyinatlı avtomobillərin istehsalı layihəsi həyata keçiriləcək. İnvestisiya dəyəri 19,2 milyon manat olan layihə çərçivəsində 90 nəfər daimi işlə təmin ediləcək. Zavodun ildə 100 ədəd avtomobil istehsal etmək gücündə olacaq.
100 faiz Çin kapitallı “Azərbaycan Vanhong Ceramics Co” MMC tərəfindən Sənaye Parkının 22,8 hektar ərazisində “Keramik plitələrin istehsalı” layihəsini həyata keçirəcək zavod inşa etməyi planlaşdırır. Zavodda Çinin qabaqcıl texnologiyalarının tətbiqi ilə yüksək keyfiyyətli, müxtəlif ölçülərdə keramik plitələr (kafel, metlax) istehsal ediləcək. İnvestisiya dəyəri 68 milyon manat, illik istehsal gücü 18,5 milyon m2 keramik plitə istehsalı təşkil edəcək müəssisədə 400 nəfər daimi işlə təmin olunacaq.
Sumqayıt Kimya Sənaye Parkının digər rezidenti “4MAPS Bilgi Teknolojileri” MMC Sənaye Parkının 1,5 ha ərazisində “Tədqiqat-inkişaf mərkəzinin təşkili, kartoqrafiya və naviqasiya xidmətlərinin təşkili” layihəsini həyata keçirəcək. İnvestisiya dəyəri 10 milyon manat olan müəssisədə 750 daimi iş yerinin yaradılması nəzərdə tutulur.