Bakı. Trend:
2022-ci ilin yanvar-iyun aylarında Türkiyədə Azərbaycan kapitalı ilə 160 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 36 şirkət çoxdur.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
Məlumatda qeyd olunur ki, hesabat dövründə qeydiyyata alınan Azərbaycan şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapıtalı da artıb.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 56,5 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 37,2 milyon türk lirəsi təşkil edib”, - deyə TOBB-dan bildirilib.
TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-iyun aylarında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (131) qeydiyyata alınıb.
“İstanbulda qeydiyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 40,9 milyon türk lirəsi təşkil edib”, - deyə TOBB-dan bildiriblər.
Qeyd olunub ki, 2022-ci ilin yanvar-iyun aylarında Türkiyədə Azərbaycan kapitalı ilə 13 sənaye, 8 tikinti, 77 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.
Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.
Qeyd edək ki, 2021-ci ildə Türkiyədə Azərbaycan kapitallı 237 şirkət qeydiyyatdan keçib. Onların ümumu kapitalı 63,2 milyon türk lirəsi olub.
2021-ci ildə ən çox Azərbaycan kapitallı şirkət İstanbulda qeydə alınıb.