Bakı. Trend:
BMT İnkişaf Proqramı Azərbaycanda sosial sahibkarlığın inkişafını dəstəkləməyə davam edir.
Trend-in məlumatına görə, bunu BMT İnkişaf Proqramının Azərbaycandakı daimi nümayəndəsi Çaru Bist "Azərbaycanda sosial sahibkarlıq siyasəti: sosial müəssisələrin dəstəyi üçün siyasət və ekosistem üzrə tövsiyələr" adlı tədbir zamanı deyib.
"Sosial sahibkarlar ölkə iqtisadiyyatının inkişafında aparıcı rol oynayır. Azərbaycanda sosial sahibkarlığın yeni iş yerləri yaratması və ümumilikdə iqtisadiyyata mühüm töhfə verməsi ilə bağlı nümunələr var", - deyə daimi nümayəndə bildirib.
Ç.Bist qeyd edib ki, Azərbaycandakı sosial sahibkarlar öz işlərinə sadiqdir və maliyyə, eləcə də digər növ dəstək olacağı təqdirdə uğurlu inkişaflarını davam etdirə bilərlər.
"BMT İnkişaf Proqramı məmnundur ki, Azərbaycan hökuməti öz strategiyasında sosial sahibkarların inkişafının dəstəklənməsinə diqqət ayırır", - Ç.Bist deyib.
(Tərcümə: Orxan Nəbiyev)