Bakı. Trend:
Kanadanın "Arton Capital" konsaltinq şirkəti dünya pasportlarının reytinq cədvəlini dərc edib.
Trend şirkətə istinadən xəbər verir ki, reytinqə görə, Azərbaycan 62-ci yeri tutub. Respublika vətəndaşları 34 ölkəyə vizasız gedə bilər, daha 46 ölkədə girişdə viza ala bilərlər, 118 ölkəyə səfər zamanı isə əvvəlcədən viza tələb olunur.
Reytinqin lideri BƏƏ pasportu olub ki, onun sahibləri 121 ölkəyə vizasız gedə bilirlər, digər 59 ölkədə isə giriş zamanı viza ala bilirlər, yalnız 18 ölkədə viza tələb olunur.
İkinci yeri Almaniya, İsveç, Finlandiya, İspaniya, Lüksemburq, Fransa, İtaliya, Niderland, Avstriya, İsveçrə və Cənubi Koreya bölüşdürüb. Onların sahibləri 25 ölkəyə səfər etmək üçün əvvəlcədən viza üçün müraciət etməlidirlər.
Üçüncü yerdə Danimarka, Belçika, Portuqaliya, Norveç, Polşa, İrlandiya, ABŞ və Yeni Zelandiya (26 ölkə məcburi viza tələb edir).
Qeyd edək ki, reytinq pasport sahibinin vizasız səfər edə biləcəyi ölkələrin sayına və giriş zamanı viza ilə daxil ola biləcəyi ölkələrin sayına əsaslanır.