...

Aqrar sahədə vahid sahibkarlıq ekosisteminin yaradılması zəruridir - Orxan Məmmədov

İqtisadiyyat Materials 1 Fevral 2023 11:13 (UTC +04:00)
Aqrar sahədə vahid sahibkarlıq ekosisteminin yaradılması zəruridir - Orxan Məmmədov

Bakı. Trend:

Aqrar sahədə sahibkarlıq fəaliyyətinin genişlənməsi bu sahədə vahid sahibkarlıq ekosisteminin yaradılmasını zəruri edir.

Trend-in məlumatına görə, bunu Aqrobiznesin İnkişafı Forumunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O.Məmmədov bildirib ki, bu gün, kənd təsərrüfatı sektorunda məhsuldarlığın artırılması həm istehsalçılar, həm də dövlət qarşısında duran əsas məsələlərdəndir.

"Müasir dövrümüzdə aqrobiznes müxtəlif sahələrdə kifayət qədər əhəmiyyətli dəyişikliklərə məruz qalır. İstehlakçıların ərzaq seçimləri və “ekoloji təmiz” etiketli məhsullara artan tələbatdan innovativ texnologiyaların inkişafı və tətbiqinə qədər geniş spektrli elementlər ilə xarakterizə olunan bu yeniliklər qarşıdakı illərdə qida məhsullarının necə becərilməsini və istehsal olunmasını müəyyən edəcəkdir.

Kənd təsərrüfatı sektorunun dayanıqlı inkişafının təmin edilməsi hökumətin strateji fəaliyyət gündəliyinin prioritet istiqamətlərdən birini təşkil etməklə yanaşı, məhsuldarlığın artırılması baxımından kifayət qədər geniş inkişaf potensialının mövcud olmasına dəlalət edir. Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında aqrar sektor, sənaye və xidmət sahələrində müasir texnologiyaların tətbiqi ilə məhsuldarlığın artacağı, həmçinin yeni iş yerlərinin yaradılacağı qeyd olunmuşdur. Nəticədə, 2022‒2026-cı illərdə kənd təsərrüfatının hər il orta hesabla 4% artacağı nəzərdə tutulur.

Ölkə iqtisadiyyatının şaxələndirilməsi fonunda “Tarladan süfrəyə” prinsipi ilə qurulmuş sistemin davamlı transformasiyasına nail olmaqda maraqlıyıq. Yaşıl enerji, rəqəmsallaşma və daha güclü biznes mühiti davamlı kənd təsərrüfatının qurulması üçün əsas hədəflər sayılır.

Əhalinin ərzaq təminatının yaxşılaşdırılması və ərzaq təhlükəsizliyinin təmin edilməsi zərurəti aktuallaşmaqdadır ki, bu da kənd təsərrüfatı məhsullarının istehsal həcminin və keyfiyyət səviyyəsinin yüksəldilməsini tələb edir. Bunun üçün də bitkiçilik və heyvandarlıq məhsulları istehsalında, emalında ənənəvi iqtisadi münasibətlər sistemi və üsullarının dəyişdirilərək sahibkarlıq fəaliyyətində müasir bazar iqtisadiyyatı prinsiplərinin tələblərinə cavab verən yeni və daha səmərəli təşkilati-iqtisadi mexanizmlərlə əvəzlənməsi zəruridir.

Kənd təsərrüfatı məhsullarının istehsalı prosesindən fərqli olaraq aqrar sahədə sənaye emalı, logistika, ticarət və digər infrastruktur fəaliyyətləri ilə bağlı sahibkarlığın daha geniş təcrübi biliklərə və maliyyələşmə mənbələrinə malik olması tələb olunur.

Aqrobiznes sahəsində mövcud olan sahibkarlıq fəaliyyəti müəssisələrin istehsalatda resurslara qənaət etməklə daha yüksək mənfəət əldə etməsinə kömək edəcək və bu da öz növbəsində sahibkarlara bu sahədə bizneslərini daha da inkişaf etdirmələrinə əlavə stimullar yaradacaqdır. Həmçinin sahibkarların bütün vasitələrdən maksimum və optimal şəraitdə istifadə etmələri kənd təsərrüfatında yararsız torpaqların bərpasına, su itkisinin minimumlaşdırılmasına, müasir texnologiya və gübrələrdən səmərəli və düzgün istifadə edilməsinə gətirib çıxarmaqla bu sahədə sahibkarlığın inkişafını sürətləndirəcəkdir.

Aqrar sahədə sahibkarlıq fəaliyyəti bir çox sahənin bir-biri ilə əlaqəli şəkildə birlikdə fəaliyyəti nəticəsində baş tutan bir fəaliyyətdir. Belə ki, bu proses zamanı sahibkarlar tərəfindən bütün vasitələrdən, xüsusilə torpaq, əmək, texnika, logistika, kapital və s. kimi resurslardan optimal və səmərəli şəkildə istifadə edilərək kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, bazara çıxarılaraq satışı və s. dəyər yaradan işlər görülür.

Qeyd edilənlərlə əlaqədar olaraq aqrar sahədə sahibkarlıq fəaliyyətinin genişlənməsi bu sahədə vahid sahibkarlıq ekosisteminin yaradılmasını da zəruri edir ki, bu da klasterləşmə ilə bağlı təbliğat işlərin sürətləndirilməsini və müvafiq tədbirlərin görülməsini tələb edir. Klasterlərin yaradılmasında məqsəd klaster iştirakçıları arasında yeni texnologiyaların əlçatanlığının təmin edilməsi, risklərin asan bölüşdürülməsi, xarici bazara birgə çıxış, elmi biliklərdən və əsas vəsaitlərdən kollektiv istifadə etmək kimi qarşılıqlı fəaliyyətləri möhkəmləndirməkdən ibarətdir. Bu, ixracın həm əmtəə tərkibinin, həm də coğrafiyasının şaxələnməsinə geniş imkanlar açır. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında Nümunəvi Əsasnamə” şübhəsiz ki, bu istiqamətdə həyata keçiriləcək işlərə təkan verəcəkdir. Ümid edirəm ki, klasterləşməyə dair digər mövcud güzəşt və imtiyazlar da bu istiqamətdə ekosistemin qurulmasını sürətləndirəcəkdir.

Eyni zamanda düşünürəm ki, aqrobiznes sahəsinin və ümumilikdə KOB sektorunun inkişafında keçid mərhələsinin şərtləndirilməsində cənab Prezidentin 02 dekabr 2022ci il tarixində imzaladığı “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Qanun mühüm rol oynayacaqdır. Belə ki, qanunda mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində fəaliyyətin əlaqələndirilməsi, onların maraqlarının qorunması və problemlərinin həlli, həmçinin dövlət orqanlarının və özəl qurumların KOB subyektlərinə göstərdikləri xidmətlərin əlaqələndirilməsi məqsədilə dəqiq istiqamətlər müəyyən edilmişdir.

Qeyd edim ki, sözügedən qanunda səlayiyyətli qurum subyekti kimi nəzərdə tutulan KOBİA qarşısında həm yuxarıda qeyd etdiyim fəaliyyətlərin, həm də KOB subyektləri haqqında müvafiq məlumatları özündə əks etdirən vahid reyestrin yaradılması, dəstək infrastrukturunu təşkil edən qurumlar, şərtlər və qaydalar, onun təhlilinin nəticələri barədə məlumatların ümumiləşdirilməsi barədə vəzifələr müəyyən edilmişdir.

Hörmətli tədbir iştirakçıları, bu gün işğaldan azad edilmiş ərazilərdə yeni ağıllı kəndlər salınır. Bu ərazilərdə ağıllı və icma əsaslı kənd təsərrüfatının inkişaf etdirilməsi əsas prioritetdir. Burada rəqabətqabiliyyətli, qabaqcıl infrastrukturla təmin edilmiş imkanlar yaradılır və gələcəkdə bu kimi layihələrin davam etdirilməsi nəzərdə tutulur.

KOBİA da öz növbəsində kənd yerlərində sahibkarlığın və KOB-ların inkişafına, onların rəqabətqabiliyyətinin artırılmasına yönəlik proqramların icrasına dəstək göstərməkdədir. Bu məqsədlə tərəfimizdən müxtəlif beynəlxalq və yerli təşkilatlarla əməkdaşlıq edilir və ölkəmizdə KOB sektorunun inkişafına töhvə verilir.

Qeyd edim ki, əməkdaşlıq çərçivəsində Aqrar Kredit və İnkişaf Agentliyi ilə də birgə təşəbbüslər həyata keçirilmişdir. Birgə fəaliyyət çərçivəsində xüsusilə kənd yerlərində gənc fermerlərin özünüməşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsinə yönəlmiş təşəbbüslər icra edilmiş, regionlarda yaşayan gənclərin aqrar məşğulluğunun artırılmasına və sahibkar kimi formalaşmalarına dəstək verilmişdir.

Əlavə olaraq bildirim ki, KOBİA tərəfindən aqrobiznes fəaliyyətinin qurulmasına və inkişaf etdirilməsinə yönəlik digər dəstək mexanizmləri də mövcuddur.

KOBİA tərəfindən müxtəlif fəaliyyətlərin qurulmasına və inkişaf etdirilməsinə yönəlik dəstək mexanizmləri mövcuddur ki, bunlara daxili bazar araşdırmalarının aparılmasını, “Startap” şəhadətnamələrinin verilməsini, KOB-ların məhsullarının ticarət şəbəkələrində satışına dəstək göstərilməsini, KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün qrant şəklində vəsaitin ayrılmasını, yerli məhsulların müxtəlif yerli və beynəlxalq sərgilərdə tanıdılmasına və satışına dəstək göstərilməsini və bu kimi digər dəstəkləri misal çəkmək olar.

Bir müddət əvvəl Cənab Prezidentin iştirakı ilə açılışı baş tutmuş Bakı KOB Evində sahibkarlar Agentliyin, o cümlədən digər qurumların sahibkarlığın inkişafına yönəlik çoxsaylı dəstəkləri ilə yanaşı, kənd təsərrüfatı, qida təhlükəsizliyi və bu istiqaməti əhatə edən digər sahələr üzrə nəzərdə tutulmuş xidmətlərdən də yararlana bilərlər.

Təbii ki, bu gün aqrar sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri müəyyən problemlərlə də qarşılaşırlar. Bunun müxtəlif səbəbləri var. Bizim bu kimi tədbirləri təşkil etməyimizdə əsas məqsəd məhz bu səbəbləri öyrənib onların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görməkdir.

İnanıram ki, bu birgə fəalyyətimiz aqrar sahədə yeni KOB-ların inkişaf etməsi və yaranması istiqamətində faydalı olacaq və gələcəkdə irəli sürüləcək təşəbbüslər üçün stumul yaradacaqdır.

Bütün tədbir iştirakçılarını panel müzakirələrində aktiv iştirak etməyə çağırır və sahibkarlara gələcək fəaliyyətlərində uğurlar arzu edirəm", - O.Məmmədov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti