Bakı. Trend:
Azərbaycan hökuməti COVID-19 pandemiyasının nəticələrinin aradan qaldırılması üzrə vaxtında tədbirlər görüb.
Trend cümə axşamı xəbər verir ki, bunu Dünya Bankının Cənubi Qafqazda İnsan Potensialının İnkişafı üzrə Təcrübə Qrupu proqramının rəhbəri Ahmet Levent Yener Dünya Bankının "Sarsıntılar və böhranlar zamanı insan kapitalının qorunması" adlı hesabatının təqdimatında deyib.
Onun sözlərinə görə, atılan uğurlu addımlar ölkənin gələcək inkişafında öz müsbət əksini tapacaq.
"Xatırladım ki, Azərbaycan pandemiya dövründə ünvanlı yardımlar ayırıb, həmçinin 4,5 milyon manatdan çox digər növ sosial ödənişlər həyata keçirib. Bu vəsaitlər milyonlarla vətəndaşı əhatə edib. Həmçinin tibb işçilərinin əmək haqlarının artırılmasını, hökumət səviyyəsində rəqəmsallaşmanın, təhsil, tibbi, biznes və sahibkarlıq sektorlarının rəqəmsallaşmasının sürətləndirilməsini müsbət qiymətləndiririk", - o deyib.
Ahmet Levent Yener qeyd edib ki, gələcəkdə digər növ böhranları istisna etmək olmaz və onlara hazır olmaq lazımdır.
"Profilaktik tədbirlər görmək, onlara hazırlıqlı olmaq lazımdır", - deyə o əlavə edib.
Qeyd edək ki, Dünya Bankının "Sarsıntılar və böhranlar zamanı insan kapitalının qorunması" adlı hesabatının hazırlanması Avropa İttifaqı tərəfindən maliyyələşdirilib və Şərqi Avropa (Moldova və Ukrayna), habelə Cənubi Qafqaz ölkələrinin (Azərbaycan, Ermənistan, Gürcüstan) təhsil, səhiyyə və sosial müdafiə sahələrini əhatə edir. Hesabatda insan kapitalını qorumaq, insan inkişafının mükəmməl və dayanıqlı sistemlərini qurmaq və təkrarlanan böhranların uzunmüddətli nəticələrini minimuma endirmək barədə region ölkələri və regiondan kənardakı ölkələr üçün aktual istiqamətlər müəyyən edilib.
(Tərcümə: Rəna Əbdürəhmanova)