...

"Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində bu il rekord sayda milli və regional stendlər nümayiş olunacaq

İqtisadiyyat Materials 15 May 2023 14:45 (UTC +04:00)
"Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində bu il rekord sayda milli və regional stendlər nümayiş olunacaq

Bakı. Trend:

15 may tarixində regionun ən böyük sərgiləri - 16-cı olan Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” Sərgilərinə həsr olunmuş mətbuat konfransı keçirilib.

Trend xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Protokol Şöbəsinin rəhbəri Toğrul Qafarbəyli, “Caspian Event Organisers” şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə və “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinin Layihə Rəhbəri Zarina Məmmədova iştirak edib. Mətbuat konfransında kütləvi informasiya vasitələrinin nümayəndələri və sərgilərin təşkilat komitəsinin üzvləri də iştirak edib.

Ölkənin qeyri-neft sektorunda prioritet sahələrdən olan kənd təsərrüfatı və qida sənayesi üzrə beynəlxalq sərgilər 17-19 may tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək. Hər il olduğu kimi bu il də sərgilərə iştirakçı və ziyarətçilər tərəfindən böyük maraq göstərilir. Sənaye liderlərinin başlıca görüş yeri statusunu daşıyan bu tədbirlər Bakı Ekspo Mərkəzinin bütün mümkün pavilyonlarını və açıq sahəsini əhatə edəcək və bu ilki sərgilərdə rekord sayda milli və regional stendlər nümayiş olunacaq. Sərgilərdə ümumilikdə 31 ölkədən 479 şirkət iştirak edir, 9 ölkə isə milli stendlərlə təmsil olunur.

Sərgilərin rəsmi dəstəkçiləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyasıdır (ASTA). “CaspianAgro” sərgisinin sponsoru “Gubre.az” şirkətidir.

“Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinin təşkilatçıları “Caspian Event Organisers” şirkəti və onun beynəlxalq tərəfdaşlarıdır. Sərgilər haqqında ətraflı məlumatı https://caspianagro.azhttps://interfood.az rəsmi internet səhifələrindən əldə etmək mümkündür.

Xəbər lenti

Xəbər lenti