Bakı. Trend:
Dünya Bankı müxtəlif üsullarla Azərbaycanda rəqəmsal savadlılığın yayılmasına imkan yaradır.
Trend çərşənbə günü xəbər verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə regional meneceri Sara Maykl Bakıda keçirilən "GSMA Mobile 360 Eurasia 2023" mövzusunda tədbirdə deyib.
Onun sözlərinə görə, Dünya Bankı hər dəfə rəqəmsal infrastruktura investisiya qoymaqla bu xidmət növünə tələbat aspektini dəstəkləyir. Dünya Bankı həmçinin əhalinin rəqəmsal xidmətlər, kibertəhlükəsizlik üzrə biliklərini inkişaf etdirir və yerli müəssisələrə dəstək göstərir.
"Rəqəmsal savadlılığı artırmaq üçün bir neçə həllər mövcuddur və xüsusən Azərbaycanda bunlar "vahid pəncərə" prinsipinə əsaslanmış ASAN Mərkəzlərdir. Bu sistem rəqəmsal keçidi dəstəkləyir", - Sara Maykl deyib.
O həmçinin Dünya Bankının Azərbaycanda "ağıllı" kəndlər layihəsində iştirak etdiyini qeyd edib.
"Azərbaycan əhalisinin təqribən 30 faizi kənd yerlərində yaşayır. Ölkə hökuməti və özəl sektorla birgə "ağıllı" kəndlər layihəsi üzərində artıq 6-7 ildir ki, çalışırıq", - Sara Maykl deyib.
O, Azərbaycanda bu yaxınlarda Zəngilan rayonunda Ağalı "ağıllı" kəndinin pilot layihəsinin işə salındığını və Dünya Bankının layihənin inkişafı üzərində Azərbaycan hökuməti ilə birgə çalışdığını qeyd edib.
Həmçinin Sara Maykl internetə çıxış imkanının yayılması ilə ÜDM artımı arasındakı qarşılıqlı əlaqəni vurğulayıb.
"Bölgələrdə internetlə əhatə olunmanın 1 faiz artması ÜDM artımını 1,5 faiz yüksəldir. Bu isə çoxlu sayda iş yerlərinin açılmasına səbəb olur", - deyə o əlavə edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)