Bakı. Trend:
Dövlət büdcəsinin gəlirləri proqnozlara qarşı əhəmiyyətli dərəcədə çox olub.
Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliyin müzakirəsi zaman deyib.
Nazir bildirib ki, beynəlxalq yardım proqramları və beynəlxalq müqavilələr üzrə imzalanmış öhdəliklərin qarşılanması, dövlət borcunun idarə edilməsi üzrə yeni yanaşmanın tətbiqi və bir sıra digər zəruri dövlət xərclərinin həyata keçirilməsi nəzərdə tutulur.
“Cari ilin ötən dövrü ərzində dövlət büdcəsinin gəlirlərinin proqnozlara qarşı əhəmiyyətli dərəcədə çox olması, ölkə iqtisadiyyatının sosial-iqtisadi inkişafına dair ötən ilin payızında verilmiş proqnozun yenilənməsi və ümumi daxili məhsulun (ÜDM) əvvəlki proqnozla müqayisədə 5,6 milyard manat artırılması bu ilin dövlət büdcəsində əlavə maliyyə resurslarının yaranmasını və onların bölünməsini gündəmə gətirir”, - deyə nazir bildirib.
Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişiklik müzakirə edilir.
Yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin gəlirləri 33779,5 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3005,5 milyon manat və ya 9,8 faiz çoxdur.