Bakı. Trend:
Tbilisidə keçirilən Gürcüstan-Azərbaycan biznes forumu çərçivəsində KOBİA və Gürcüstanın Biznes Assosiasiyası arasında imzalanmış Anlaşma Memorandumunda KOB sahəsində yeniliklərə, dəstək və xidmətlərə dair qarşılıqlı məlumat və təcrübə mübadiləsi, ticarət və innovasiya sahəsində əlaqələrin təşviqi, birgə tədbirlərin təşkili nəzərdə tutulur
İqtisadiyyat naziri Mikayıl Cabbarovun Gürcüstana səfəri çərçivəsində Tbilisi şəhərində Gürcüstan-Azərbaycan biznes forumu keçirilib.
KOBİA-dan Trend-ə verilən məlumata görə, rəsmi şəxslərin, Azərbaycan və Gürcüstan iş adamlarının iştirakı ilə keçirilmiş tədbir çərçivəsində bir sıra sənədlər, o cümlədən KOBİA və Gürcüstanın Biznes Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Gürcüstanın Biznes Assosiasiyasının icraçı direktoru Levan Vepxvadze imzalayıblar. Memorandumda KOB sahəsində yeniliklərə dair məlumat və KOB-lara dəstək və xidmətlərin göstərilməsi üzrə qarşılıqlı təcrübə mübadiləsi, ticarət və innovasiya sahəsində sahibkarlar arasında əlaqələrin təşviqi, bu istiqamətdə müxtəlif platformaların yaradılmasına dəstək, KOB-lar arasında əməkdaşlığın gücləndirilməsi üçün birgə tədbirlərin təşkili və s. kimi məsələlər nəzərdə tutulur.