Bakı. Trend:
Ödəniş xidməti təchizatçısı ödəyici tərəfindən verilən ödəniş sərəncamının icra olunmamasına, səhv icra edilməsinə, həmçinin pul vəsaitinin əsassız olaraq ödəniş hesabından silinməsinə görə ödəyici qarşısında məsuliyyət daşıyır.
Bu halda ödəyiciyə xidmət göstərən ödəniş xidməti təchizatçısı səhv icra edilmiş, əsassız olaraq ödəniş hesabından silinmiş ödəniş əməliyyatı üzrə məbləği dərhal ödəyicinin ödəniş hesabına bərpa etməlidir.
Trend xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, ödəyiciyə xidmət edən ödəniş xidməti
təchizatçısı ödəniş əməliyyatının vaxtında və düzgün icrasını sübut
etdikdə, vəsait alana xidmət göstərən ödəniş xidməti təchizatçısı
vəsait alan qarşısında ödəniş əməliyyatının düzgün icra olunmasına
görə məsuliyyət daşıyır. Bu halda vəsait alana xidmət göstərən
ödəniş xidməti təchizatçısı dərhal ödəniş əməliyyatı üzrə məbləği
vəsait alanın ödəniş hesabına daxil etməli və ya ödəniş hesabı
olmadıqda vəsait alanın sərəncamına verməlidir.
Ödəniş əməliyyatı vasitəçi tərəfindən başlanıldığı təqdirdə hesaba
xidmət göstərən ödəniş xidməti təchizatçısı səhv icra edilmiş və ya
əsassız olaraq ödəniş hesabından silinmiş ödəniş əməliyyatı üzrə
məbləği ödəyiciyə növbəti iş günündən gec olmayaraq geri qaytarır.
Vasitəçi ödəniş əməliyyatının icra olunmamasına, səhv icra
olunmasına və ya pul vəsaitinin əsassız olaraq ödəniş hesabından
silinməsinə görə bu Qanunun 31.4-cü maddəsinə əsasən məsuliyyət
daşıdıqda, ödəniş xidməti təchizatçısına ödəyiciyə vəsaitin geri
qaytarılması ilə bağlı xərclərinin müqabilində qarşılaşdığı
zərərlərə görə kompensasiya ödəməlidir.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq birinci oxunuşda təsdiq edilib.