...

Asiya İnfrastruktur İnvestisiya Bankı Azərbaycanda yeni investisiya imkanlarını müəyyən edib - Vitse-prezident (FOTO/VİDEO)

İqtisadiyyat Materials 3 Avqust 2023 08:00 (UTC +04:00)
Asiya İnfrastruktur İnvestisiya Bankı Azərbaycanda yeni investisiya imkanlarını müəyyən edib - Vitse-prezident (FOTO/VİDEO)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın dəmir yolu, gəmiçilik və digər infrastruktur sektorları Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) üçün böyük maraq kəsb edir.

Bu barədə Trend-ə özəl müsahibəsində AİİB-nin investisiya əməliyyatları üzrə vitse-prezidenti Konstantin Limitovski deyib.

"Mən əməkdaşlıq üçün yeni layihələri müəyyən etmək üçün buradayam. Bu gün biz Trans-Anadolu qaz kəmərinin (TANAP) genişləndirilməsi çərçivəsində mümkün əməkdaşlığı barəsində müzakirələr aparırıq. Azərbaycan hökumətinin dəstəyi ilə biz əməkdaşlıq üçün bir çox istiqamətlər müəyyən etdik. Biz dəmir yolu sektorunda, gəmiçilik sənayesində, müxtəlif infrastruktur sektorlarında çox maraqlı layihələr portfelini müəyyən etdik", - deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycan 2016-cı ildən AİİB ilə əməkdaşlıq edir və bankın təsisçi üzvləri və müştəriləri arasında hörmətli yer tutur:

"İlk birgə layihə TANAP olub və bu layihəyə bank 600 milyon ABŞ dolları sərmayə qoyub. Bundan əlavə, AİİB COVID-19 pandemiyası zamanı ölkəyə iqtisadiyyatın bərpasına və pandemiyanın fəsadlarının yumşaldılmasında kömək etmək üçün 100 milyon ABŞ dolları məbləğində dəstək göstərib".

K.Limitovski Qafqaz regionunun Avropa ilə Asiyanı birləşdirən strateji yerləşməsinə görə AİİB üçün əhəmiyyətini vurğulayıb.

"Xüsusən də Cənubi Qafqaz bizim üçün mühüm regiondur. Biz buna xüsusi önəm veririk, çünki bu region Avropa ilə Asiya, eləcə də Avropa ilə Yaxın Şərq arasında birləşdirici körpüdür. Biz ürəkdən inanırıq ki, Cənubi Qafqaz həm regional, həm də qlobal logistikada getdikcə daha mühüm rol oynayacaqdır", - deyə o qeyd edib.

Onun sözlərinə görə, bank davamlı və perspektivli layihələri maliyyələşdirməklə Asiya regionunda inkişafı təşviq etməyə çalışır. Vitse-prezident, həmçinin infrastruktur investisiyalarına özəl sektorun kapitalının cəlb edilməsinin vacibliyini qeyd edib.

"Hazırda bankın bütün regionlar üzrə portfeli suveren kreditlərin və investisiyaların təxminən 75-80 faizini təşkil edir, özəl sektorun payı isə cəmi 20-25 faizdir. Məqsədimiz 2030-cu ilə qədər sərmayəmizin yarısının özəl sektora və qeyri-suveren layihələrə sahib olmasıdır", - deyə o vurğulayıb.

O, həmçinin qeyd edib ki, bank müxtəlif ölkələrdə enerji layihələrini maliyyələşdirir:

"Biz günəş və külək elektrik stansiyalarının tikintisi üzrə layihələri fəal şəkildə maliyyələşdiririk, çünki bərpa olunan enerji mənbələrinə investisiya yatırmaq özəl sektorda bizim üçün əsas sahələrdən biridir. Belə layihələrə misal olaraq ölkədə ilklərdən biri olan Qazaxıstanın Janatas külək stansiyasını göstərmək olar. “Waste-to-Energy” (tullantılardan enerji) ilə bağlı layihələrə də diqqət yetiririk. Türkiyədə biz müasir enerjiyə qənaət edən qurğular, həmçinin Özbəkistanın Sırdərya vilayətində 1500 meqavat gücündə qazla işləyən elektrik stansiyasının layihəsini hazırlamışıq. Biz özəl sektorla əməkdaşlıq üçün yeni və maraqlı layihələr axtarırıq".

K.Limitovski qeyd edib ki, AİİB-dən maliyyə almaq üçün layihə bankın missiyasına və mandatına uyğun olmalıdır:

"Biz yaşıl infrastruktur və əhalinin kritik ehtiyaclarını dəstəkləyən infrastruktur layihələri ilə maraqlanırıq. Biz əlaqəni təmin edən infrastrukturla bağlı layihələri fəal şəkildə nəzərdən keçiririk".

Onun sözlərinə görə, bu layihələr təkcə nəqliyyat sahəsində deyil, həm də rəqəmsal sahədə, enerji sahəsində həyata keçirilir:

"Biz özəl sektorun kapitalını birgə investisiya fəaliyyətlərinə cəlb etmək istərdik. Təbii ki, layihələr ölkəyə və investorlara iqtisadi fayda gətirməlidir. Onlar iqtisadi cəhətdən səmərəli və maliyyə cəhətdən dayanıqlı olmalıdırlar".

O qeyd edib ki, bütün lazımi məlumatları təqdim edərkən, adətən, Asiya İnfrastruktur İnvestisiya Bankı bir həftə ərzində müştəriyə onun layihəsinin maliyyələşdirilməsinin mümkünlüyü və ya bunun mümkünsüzlüyü barədə məlumat verə bilər. Bankın məqsədi oxşar yanaşmaya malik şirkətləri müəyyən etmək, onlara layihələrin hazırlanması və həyata keçirilməsində köməklik göstərməkdir.

"Bizim üçün əsas prinsip diqqəti ölkənin karbonsizləşdirilməsinə, regionda əməkdaşlığın inkişafına və müasir texnologiyaların istifadəsinə töhfə verən layihələrə yönəltməkdir. Biz uzunmüddətli perspektivdə davamlı olacaq və özəl sektor investisiyalarını cəlb edəcək layihələrdə iştirak etməkdə maraqlıyıq", - deyə o vurğulayıb.

Asiya İnfrastruktur İnvestisiya Bankı ən gənc inkişaf banklarından biridir. AİİB 2016-cı ildə yaradılıb və ilkin olaraq 57 üzv ölkədən ibarət olub. Bu gün bankın 106 səhmdarı var. AİİB əsasən Asiya bazarına xüsusi diqqət yetirməklə infrastruktur investisiyaları ilə məşğul olur.

Bankın əsas məqsədi dayanıqlı infrastrukturun maliyyələşdirilməsi yolu ilə Asiya regionunda inkişafı stimullaşdırmaqdır.

AİİB-nin missiyası “Infrastructure for Tomorrow”-dur ("Sabahkı günün infrasktrukturası"). Bu missiya çərçivəsində bütün investisiyalar dörd prioritetə ​​cavab verməlidir: yaşıl infrastruktur, əlaqə və regional əməkdaşlıq, texnologiyaya imkan verən infrastruktur və özəl kapitalın səfərbərliyi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti