...

"Azərkosmos" Çinin “Emposat” şirkəti ilə hostinq xidmətlərinin göstərilməsinə dair müqavilə imzalayıb

İqtisadiyyat Materials 3 Avqust 2023 16:11 (UTC +04:00)
"Azərkosmos" Çinin “Emposat” şirkəti ilə hostinq xidmətlərinin göstərilməsinə dair müqavilə imzalayıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

"Azərkosmos" hostinq xidmətlərinin göstərilməsinə dair Çinin kosmik infrastruktur və yerüstü peyk xidmətləri təqdim edən “Emposat” şirkəti ilə biznes müqaviləsi imzalayıb.

Trend xəbər verir ki, müqaviləyə əsasən, Azərkosmos Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində yerləşən Bakı teleportunda “Emposat” şirkətinin 7,3 metrlik S/X diapazonlu yerüstü anten sistemini quraşdırıb.

Qeyd edək ki, bu sistem “Emposat”ın ölkəmizdə quraşdırdığı sayca ikinci uğurlu biznes infrastrukturudur. Belə ki, iki il əvvəl şirkət Bakı teleportunda özünün 4,2 metrlik S/X diapazonlu yerüstü antenini quraşdırıb. Bu infrastruktur sayəsində “Emposat” müştərilərinə peyklər və peyk şəbəkələri arasında izləmə, peyklərin sağlamlığının yoxlanılması, telemetriyanın alınması və peyklərə nəzarətin düzgün aparılması üzrə xidmətlər təqdim edir.

"Azərkosmos"un hostinq xidmətlərindən növbəti dəfə faydalanan “Emposat” müştərilərini yerüstü peyk xidmətləri ilə təmin edəcək. Bu da şirkətə öz resurslarını optimallaşdırmaq üçün geniş imkanlar açacaq. “Emposat”ın yeni anten infrastrukturu bazarda yüksək keyfiyyətli, asan quraşdırıla bilən, peyklərdən dəqiq siqnalları qəbul edən və sərfəli rabitə xidmətlərini genişləndirməkdə əsas rol oynayacaq.

"Azərkosmos"un beynəlxalq “Tier 4” sertifikatına malik olan teleportu təkcə peyklərdən alınan siqnalların izlənilməsi və nəzarəti xidmətlərini deyil, həm də hostinq, yəni qlobal şirkətlərə məxsus yerüstü stansiyanın quraşdırılması, istismarı, saxlanması kimi xidmətləri də həyata keçirir. Geniş əraziyə malik və hazırda 15-dən çox anten ilə fəaliyyət göstərən yerüstü stansiyanın unikal və əlverişli mövqeyi qlobal şirkətlərin biznes məqsədli infrastrukturlarını Azərbaycanda quraşdırmağa əsas verir.

“Bizə növbəti dəfə hostinq xidmətlərinin verilməsi üzrə etibar etdiyi üçün “Emposat” şirkətinə təşəkkür edirik. Biz birlikdə teleportumuzun imkanlarının daha da innovativ olmasına çalışırıq. Bu, Azərkosmos və “Emposat” komandaları arasında mükəmməl əməkdaşlığın göstəricisidir”, – deyə "Azərkosmos"un sədr müavini Fuad Aslanov qeyd edib.

“2021-ci ildə biz Azərkosmosun dəstəyilə Bakıda ilk xarici stasionar stansiyamızı tikdik. Biz çox şadıq ki, 7,3 metr anten vasitəsilə peyklərdən aldığımız məlumatların qəbul imkanlarını təkmilləşdirəcəyik. Biz Azərkosmos ilə əməkdaşlığımızı bütün aspektlərdə genişləndirməyi səbirsizliklə gözləyirik”, – “Emposat”ın birinci vitse-prezidenti Donq Vei bildirib.

Qeyd edək ki, oktyabrda Bakının ev sahibliyi edəcəyi 74-cü Beynəlxalq Astronavtika Konqresində Çinin “Emposat” şirkəti də təmsil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti