...

Valyuta rejimini tənzimləyən qaydalar təkmilləşdirilib

İqtisadiyyat Materials 10 Avqust 2023 11:23 (UTC +04:00)
Valyuta rejimini tənzimləyən qaydalar təkmilləşdirilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Fiziki şəxslərin məqsədli köçürmələrinin, o cümlədən sahibkarlıq subyektlərinin xarici ticarət əməliyyatlarının daha əlverişli rejim çərçivəsində aparılması məqsədilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda (Qaydalar) Mərkəzi Bankın İdarə Heyətinin 2023-cü il 28 iyul tarixli 38/1 nömrəli Qərarı ilə dəyişikliklər edilib.

Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, həmin dəyişikliklər Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə (https://e-qanun.az/framework/54860) daxil edilmiş və 9 avqust 2023-cü il tarixində qüvvəyə minib.

Dəyişikliklərə əsasən fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitlər ləğv edilmiş, köçürmə formasından (hesab açmadan və ya hesab vasitəsilə) asılı olmayaraq 20000 (iyirmi min) ABŞ dolları ekvivalentinədək aylıq limit müəyyən edilmiş, həmçinin fiziki şəxslərin təkcə özünün deyil, digər şəxslərin də xaricə səfərləri ilə bağlı nəqliyyat və otel (gecələmə) xərclərini ödəmək imkanı nəzərdə tutulub.

Eyni zamanda bazar iştirakçılarının rəy və təklifləri nəzərə alınmaqla, idxal olunan mallar üzrə köçürmələr zamanı sənədləşmə prosesi sadələşdirilmiş, ticarət vasitəçiliyi əməliyyatlarında isə vasitəçi tərəfindən əvvəlcədən köçürmə qaydasında satıcıya 180 günədək avans ödənişinin həyata keçirilməsi imkanı müəyyən edilmişdir. Bu zaman vasitəçi müvəkkil banka ödənişi təmin edən geri götürülməyən akkreditiv və ya bank qarantiyası təqdim etməlidir.

Bununla yanaşı, beynəlxalq təcrübə də nəzərə alınmaqla Azərbaycan Respublikasının ərazisində emissiya olunmuş ödəniş kartları vasitəsilə rezident fiziki şəxslər tərəfindən ölkə hüdudlarından kənarda təqvim ayı ərzində 10000 (on min) ABŞ dolları ekvivalentinədək məbləğdə pul vəsaitinin nağdlaşdırılması müəyyən edilmişdir.

Qaydalarda edilən digər dəyişikliklər “Siyasi partiyalar haqqında”, “Dövlət-özəl tərəfdaşlığı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunlara, habelə Vergi Məcəlləsində edilmiş dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti