...

AYİB Azərbaycanın bərpa olunan enerji sahəsində iddialarını dəstəkləməkdə sadiqdir - Natalya Mouravidze (Müsahibə)

İqtisadiyyat Materials 28 Avqust 2023 11:22 (UTC +04:00)
AYİB Azərbaycanın bərpa olunan enerji sahəsində iddialarını dəstəkləməkdə sadiqdir - Natalya Mouravidze (Müsahibə)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2023-cü ildə və sonrakı dövrdə Azərbaycanın bir neçə bankı ilə əməkdaşlıq imkanlarını öyrənir.

Bu barədə Trend-ə özəl müsahibəsində AYİB-in Azərbaycandakı əməliyyatlarının rəhbəri Natalya Mouravidze deyib.

"Azərbaycanda əsas hədəflərimizdən biri yerli maliyyə institutlarını möhkəmləndirməkdən ibarətdir ki, onlar da öz növbəsində özəl sektorun artımı üçün lazımi maliyyə vəsaitlərinə asan çıxış imkanını təmin edə bilsin. Biz həmçinin maliyyə bazarlarının artımını təşviq edirik", - o deyib.

Onun sözlərinə görə, bank, həmçinin mikro, kiçik və orta biznesin (MKOB) maliyyələşdirilməsi və kreditləşdirilməsində iştirakını genişləndirməyə çalışır.

"Yaxın illərdə diqqətimiz rəqabət qabiliyyətinin artırılmasına, "yaşıl" maliyyələşdirmə sahəsində təşəbbüslərin təşviqinə, biznesdə qadınlara dəstəyə və gənclərin məşğulluğunun artırılmasına yönələcək. Azərbaycanda kiçik və orta biznesin inkişafına kömək etmək üçün qarşıda hələ çox iş var", - deyə AYİB-in ölkə üzrə rəhbəri qeyd edib.

Bundan başqa, Mouravidzenin qeyd etdiyi kimi, bank Azərbaycan üzrə strategiyanı nəzərdən keçirməyə hazırdır.

"Azərbaycan onun zəngin təbii sərvətlərindən, strateji yerləşməsindən və böyüməkdə olan özəl sektorundan yararlanmaq istəyən investorlar üçün çoxlu sayda imkanların yaradılması üzərində çalışır. Ölkənin 2030-cu il üzrə proqramında qeyd olunduğu kimi, bu gün Azərbaycan bazar islahatlarına, biznes üçün əlverişli idarəetməyə və ticarətin liberallaşmasına prioritet diqqət ayırır", - o deyib.

Mouravidzenin sözlərinə görə, AYİB-in ölkə üzrə növbəti strategiyasında bütün bu prinsiplər nəzərə alınacaq. Yoxlama dövrü tez yaxınlaşır və bank artıq hakimiyyət orqanları, müştərilər və tərəfdaşlarla qarşılıqlı fəaliyyətə hazırlaşır.

"Bu mərhələdə əminliklə deyə biləcəyim bir şey varsa, o da Azərbaycan iqtisadiyyatının diversifikasiyası və ekolojiləşdirilməsidir. Həmçinin yerli biznesin maliyyə vəsaitlərinə çıxış imkanının genişləndirilməsi üzrə səylərimiz ölkədəki fəaliyyətimizin əsas prioritetləri olaraq qalacaq", - deyə o, əlavə edib.

Digər təşəbbüslərdən bəhs edən AYİB rəhbəri qeyd edib ki, bank Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə yeni layihələri həyata keçirməyi planlaşdıran müxtəlif tərtibatçılarla sıx təmasda qalmaqdadır.

"Çox qürur duyuruq ki, Qaradağda ilk özəl günəş elektrik stansiyası layihəsini dəstəkləmişik. Burda quraşdırılmış güc 230 meqavatdır. Bununla belə, əldə etdiklərimizlə yetinmək istəmirik. Biz, həmçinin Azərbaycanın Energetika Nazirliyi ilə bərpa olunan enerji mənbələri üzrə hərrac sxemlərinin hazırlanması üzərində çalışırıq və ilk bu cür hərracın ilin sonunadək keçiriləcəyini gözləyirik. AYİB Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə yeni layihələr planlaşdıran müxtəlif tərtibatçılarla sıx təmasdadır. Azərbaycanın Paris sazişi üzrə qəti öhdəlikləri çərçivəsində bəyan etdiyi, bərpa olunan enerji mənbələri üzrə iddialarına dəstəyimizdə sarsılmaz olaraq qalırıq", - deyə o əlavə edib.

Mouravidze həmçinin qeyd edib ki, AYİB Qara dənizin dibi ilə sualtı kabelin çəkilməsi üzrə təşəbbüs çərçivəsində hadisələrin gedişatını maraqla izləyir.

"Bu, Azərbaycan və Gürcüstanın Avropanın elektrik şəbəkələrinə qoşulmasına yönəlmiş çox iddialı layihədir. Hazırda bilirik ki, layihə tədqiqat mərhələsindədir, lakin təkcə bu təşəbbüsə deyil, həm də bütün regionda və xüsusən Azərbaycanda elektrik şəbəkələri ilə əlaqəli digər layihələrə investisiyalar baxımından potensial imkanları öyrənməyə tam hazırıq", - o deyib.

Bundan başqa, AYİB-in Azərbaycan nümayəndəliyinin rəhbərinin qeyd etdiyi kimi, ölkədə həmçinin ekoloji təmiz hidrogen istehsalı üçün böyük potensial var.

"AYİB 2022-ci ildən etibarən Azərbaycan hökuməti ilə birgə ölkədə aşağı karbonlu hidrogen iqtisadiyyatı potensialının qiymətləndirilməsi üzərində çalışır. Tədqiqatlar göstərib ki, Azərbaycan bərpa olunan enerji istehsalı üzrə yüksək potensiala malikdir ki, bu da öz növbəsində yerli dekarbonizasiya gündəliyini dəstəkləyə və Avropa İttifaqı (Aİ) kimi yüksək tələbata malik regionları rəqabətqabiliyyətli qiymətə bərpa olunan yanacaqla təmin edə bilər. Hazırda aşağı karbonlu hidrogen istehsalını təşviq etmək üçün prioritet diqqətin dayanıqlı inkişaf qanunlarına və çərçivələrinə yönəldiyi milli hidrogen strategiyası hazırlamaq lazımdır. Bununla əlaqədar olaraq Azərbaycan həmçinin bu strategiyanı beynəlxalq qanunlara və normativ aktlara uyğunlaşdırmalıdır. Bundan sonra bərpa olunan enerji istehsalının genişləndirilməsi və əlbəttə ki, gələcək tələbata uyğun olaraq elektrik şəbəkəsinin daha da inkişafı üzrə işlər başlaya bilər", - deyə o aydınlıq gətirib.

Mouravidze hesab edir ki, AYİB-Azərbaycan əməkdaşlığı hələ özünün tam potensialını üzə çıxarmayıb.

"Azərbaycanda fəaliyyət göstərdiyimiz otuz il ərzində hökumətlə, özəl sektorla və digər maraqlı tərəflərlə çox möhkəm əlaqələr qurmuşuq. Son zamanlarda Gəncə şəhərindəki "Yaşıl şəhərlər" proqramımız, Aztelekom-a investisiyalarımız və Qaradağda kommunal miqyasda ilk günəş elektrik stansiyasının maliyyələşdirilməsi kimi bir çox uğur tarixçəsi yazılıb. Yerli iqtisadiyyat, maliyyə, energetika, təhsil nazirlikləri və digər dövlət idarələri ilə dialoqumuz da olduqca səmərəli olub. Əminəm ki, daha çoxunu edə bilərik və burada olduğum müddət ərzində mənim üçün əsas prioritet AYİB ilə Azərbaycan hökuməti və özəl sektoru arasındakı bu çoxdankı tərəfdaşlığı möhkəmləndirmək üçün bu mihək daşlarından istifadə olacaq", - deyə N.Mouravidze son olaraq bildirib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti