Bakı. Trend:
Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF) Azərbaycanın dayanıqlı inkişafı yolunda mühüm addımdır.
Trend xəbər verir ki, bunu Dünya Bankının Azərbaycan nümayəndəliyinin ölkə meneceri Stefani Stolmeyster Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Dünya Bankı (DB) tərəfindən idarə olunan AZTAF üzrə ikinci illik hesabat iclasının kuluarlarında jurnalistlərə deyib.
"Azərbaycan enerji keçidinə, qadınların əmək bazarında iştirakının artırılmasına və iqlim dəyişikliyinə adaptasiyasına fəal şəkildə çalışır. Bütün bu cəhətlər milli hədəflərin əldə olunmasında əsas rol oynayır. Onların uğurlu həlli ölkənin gələcəyi üçün təməl rolunu oynayacaq. Bu kontekstdə AZTAF layihəsi Azərbaycanın dayanıqlı inkişafı yolunda mühüm addım kimi xüsusi əhəmiyyət kəsb edir", - deyə o bildirib.
Qeyd edək ki, AZTAF proqramı "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın milli prioritetləri" strategiyasının məqsədlərinə nail olunmasında Azərbaycan hökumətinə dəstək məqsədilə fəaliyyətə başlayıb.