Bakı. Trend:
“Dövlət qurumları İT rəhbərlərinin IV Zirvə Toplantısı” keçirilib
Trend xəbər verir ki, tədbir dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbər heyəti arasında təcrübə mübadiləsi aparmaq və qurumlararası kommunikasiyanı gücləndirilmək məqsədilə mütəmadi şəkildə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən təşkil edilib.
Tədbirdə 73 dövlət qurumundan 100-dən artıq nümayəndə iştirak edib.
“Zirvə Toplantısı”nı giriş sözü ilə açan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisi general – mayor Azər Əhədov iştirakçıları salamlayaraq bildirmişdir ki, Azərbaycanın İKT sahəsindəki fəaliyyəti məhz ümummilli lider Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi strateji xətt üzrə uğurla davam etdirilir və bu gün informasiya texnologiyalarının əhəmiyyəti və onlardan geniş istifadənin vacibliyi ölkə prezidenti cənab İlham Əliyevin xüsusi diqqətində olan məsələlərdəndir.
Tədbirin açılış mərasimində AR NR Rəqamsal İnkişaf və Nəqliyyat nazirinin müavini-nazir vəzifəsini icra edən Rahid Ələkbərli, Azərbaycan Respublikası Prezidentinin Administirasiyasının əməkdaşı Elmir Vəlizadə də çıxış ediblər.
Daha sonra “Dövlət qurumlarının informasiya təhlükəsizliyi vəziyyəti, yeniliklər və planlar” mövzunda təqdimatla XRİTDX-nin idarə rəisi Tural Məmmədov çıxış edib.
Tədbir yeni təhdidlər, onların həll yolları və dövlət qurumlarının üzləşdikləri problemlərin müzakirəsi ilə davam edib.