...

Çin COP29-da sıfır emissiya səylərini birləşdirməyə çağırıb

İqtisadiyyat Materials 13 Noyabr 2024 14:22 (UTC +04:00)
Çin COP29-da sıfır emissiya səylərini birləşdirməyə çağırıb
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Bu günlərdə Azərbaycanın paytaxtında keçirilən COP29 iqlim konfransı çərçivəsində “Beynəlxalq Sıfır Emissiya Adaları Əməkdaşlığı” mövzusunda konfrans təşkil edilib.

Trend xəbər verir ki, tədbir Çin Xalq Respublikasının nümayəndə heyəti tərəfindən təşkil olunub və müvafiq olaraq bu nümayəndə heyətinin COP29-dakı “Mavi Zona” pavilyonunda keçirilib.

Maldiv adalarının səkkizinci prezidenti Mohamed Muizzi, Çin Baş nazirinin müavini Dinq Syuesyan, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil, həmçinin müvafiq dövlət qurumlarının yüksək vəzifəli şəxsləri və konfrans nümayəndələri, böyük biznes təmsilçilərinin iştirak etdiyi tədbirdə qeyri-hökumət sektoru, ekspert icması çıxış edib.

Konfransda COP29-a ev sahibliyi edən dövlət adından Azərbaycanın ÇXR-dəki səfiri Bünyad Hüseynov iştirak edib.

Konfransda çıxış edənlər hazırkı sammitin yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər. Onlar öz çıxışlarında karbon emissiyalarının azaldılmasında birgə səylərin artan rolunu və bu məqsədə nail olmaq üçün resursların birləşdirilməsinin zəruriliyini qeyd ediblər. Davam edən proqramların təkcə dövlətlər tərəfindən deyil, həm də özəl sektor, xüsusilə transmilli korporasiyalar tərəfindən maliyyə dəstəyi mexanizmlərinin işlənib hazırlanmasının zəruriliyi vurğulanıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti