Bakı. Trend:
Azərbaycanda Ümumdünya Şəhər Forumu və Ümumdünya Ətraf Mühit Günü keçiriləcək.
Trend xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “COP29-da çoxsəviyyəli və çoxsektorlu iqlim fəaliyyətinə dair yüksək səviyyəli açılış mərasimi” zamanı çıxışında deyib.
"Azərbaycan qürurla 2026-cı ildə keçiriləcək WUF13-ə ev sahibliyi edəcək və biz Şəhər İqlim Fəaliyyəti üzrə Xüsusi Nümayəndə institutunu təsis etməkdən və öhdəliklərimizin əyani nəticələr yaratmasına yönəlik praktiki tədbirlər görməkdən məmnun olacağıq", - o bildirib.
Komitə sədri Bakı Davamlılıq Koalisiyasının yaradılmasını xüsusi qeyd edib.
"Bu qrupdakı həmkarlarımıza – Misir, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və UN-Habitat-a, şəhərləşmə və iqlim irsi sahəsində mühüm iştirakçılar olduqları üçün minnətdarıq. Bakı Davamlılıq Koalisiyasının yaradılması üçün imza atmaqla güclü bir mesaj göndəririk: şəhərlərimizin gələcəyi əməkdaşlıq, innovasiya və dərin bir öhdəliklə formalaşdırılacaq", - o əlavə edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.