Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 2023-cü il 22 fevral tarixli 09/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi Qaydası”nda dəyişikliklər edilib.
Trend xəbər verir ki, bu barədə AMB sədri Taleh Kazımov müvafiq qərar imzalayıb.
Qeyd edilib ki, bu qaydanın müddəaları artıq ödəniş təşkilatları, elektron pul təşkilatları, xarici ödəniş təşkilatlarının yerli filialları, xarici elektron pul təşkilatlarının yerli filialları və poçt rabitəsinin milli operatoru vasitəsilə həyata keçirilən transsərhəd və ölkədaxili elektron köçürmələrinə şamil edilir.
Bildirilib ki, vasitəçi maliyyə institutu elektron köçürmə zəncirində onun tərəfindən ötürülməsi zəruri olan məlumatların tam əks olunmadığı elektron köçürmələri müəyyən etmək məqsədilə əməliyyatın icrasına müdaxilə etməyən və əməliyyatın fasiləsizliyini pozmayan tədbirlər görməlidir.
Vasitəçi maliyyə institutu onun tərəfindən elektron köçürmə zəncirində ötürülməsi zəruri olan məlumatların tam olmadığı elektron köçürmələrlə bağlı aşağıdakıları ehtiva edən risk əsaslı siyasət və prosedurlara malik olmalıdır:
- Belə elektron köçürmələrin icrasından imtina edilməsi, yaxud icrasının dayandırılması halları;
- Belə elektron köçürmələrə dair risk iştahası səviyyəsinə uyğun olaraq görüləcək növbəti tədbirlər, o cümlədən işgüzar münasibətdə olduğu müvafiq maliyyə institutu ilə işgüzar münasibətlərə yenidən baxılması ilə əlaqədar tədbirlər
Maliyyə bazarlarının hüquqi təminatı departamentinə tapşırılıb ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.