Bakı. Trend:
2021-2023-cü illər üçün Azərbaycanda təhlükəsiz tullantıların idarə olunması hesabına respublikanın 10 şəhər və rayonu üzrə ümumilikdə 100,0 mln. manatdan çox potensial reallaşdırılmayıb.
Trend xəbər verir ki, bu barədə Hesablama Palatasının apardığı audit nəticəsində qeyd olunub.
Bildirilib ki, Bakı şəhəri üzrə müvafiq qurumların zərərsizləşdirilmə xidmətlərinin göstərilməsi üçün təhvil verilmiş müvafiq tullantı həcmlərinə görə “Təmiz Şəhər” ASC-yə auditlə əhatə olunan dövrün sonuna 21,3 mln. manat kreditor borcları yaranıb, maliyyə itkiləri əlavə yük yaratmaqla dövlət büdcəsinin xərcləri hesabına maliyyələşdirilib.
Qeyd olunub ki, qüvvədə olan hüquqi aktlar bərk məişət tullantılarının istehsalçılarına həmin tullantıların bir tərəfdən yığılması, daşınması və zərərsizləşdirilməsinə görə, digər tərəfdən yerləşdirilməsinə görə ikili tarifləşmənin (toplanılması yerli İH orqanları və ETSN tərəfindən həyata keçirilməli olan icbari ödənişlərin) tətbiqini nəzərdə tutub, tullantıların istehsalçılarının üzərinə icbari ödənişlər qismində düşən maliyyə yükü digər tullantılarla (tibbi, bioloji, sənaye, tikinti və s.) müqayisədə adekvat yanaşmalarla tənzimlənməyib.
Eyni zamanda vurğulanıb ki, ETSN (tabeli qurumları) tərəfindən toplanılmalı olan icbari ödənişlərin əhatə bazası dəqiqləşdirilməyib (Bakı, Sumqayıt və Şirvan şəhərləri, Neftçala, Salyan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Biləsuvar, Xızı və Abşeron rayonları üzrə ödənişlər ümumiyyətlə toplanılmamış), qeyri-əhali istehlakçı qrupu üzrə tullantıların yerləşdirilməsinə görə ödəniş normativlərinə uyğun daxilolmaların 2021-ci ildə 664195 sayda, 2022-ci ildə 709925 sayda, 2023-cü ildə 760489 sayda olan aktiv vergi ödəyicilərindən yığılması təmin edilməyib.