Bakı. Trend:
Közərmə lampalarnın LED lampalarla əvəz edilməsi iqtisadi baxımından faydalıdır.
Trend xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Enerji səmərəliliyi: nəticələr və gözləntilər” mövzusunda ictimai müzakirədə çıxışı zamanı deyib.
"Energetika Nazirliyi tərəfindən “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna təklif olunan maddənin əlavə edilməsini məqsədə müvafiq hesab edirik. Enerji səmərəliliyi proqramlarının qanunvericiliklə konsolidasiyası enerji istehlakını azaltmaqla müəssisələrin və ev təsərrüfatlarının xərclərini azaldır", - o bildirib.
O qeyd edib ki, bu, elektrik şəbəkəsinə yükü azaldır.
"Közərmə lampaları böyük enerji sərfiyyatına malikdir və enerjinin 80 %-ə qədərinin spiralın közərməsinə sərf edilir. Bu lampaların daha enerji səmərəli işıq diod (LED) lampaları ilə əvəz edilməsi iqtisadi baxımından faydalıdır.
1 iyun 2024-cü il tarixinə 107 ölkə qanun, siyasət sənədi (NDC, uzunmüddətli inkişaf strategiyası) və yüksək səviyyəli hökumət bəyanatı əsasında 2045-2070-ci illərədək xalis sıfır emissiya (net zero emission) hədəfləri müəyyənləşdirib ki, bu da qlobal istixana qazı emissiyaların təxminən 82 %-ni əhatə edir”, - deyə nazir müavini qeyd edib.