Bakı. Trend:
Azərbaycan Bolqarıstan üçün əsas qaz tədarükçüsü qalmaqda davam edir.
Trend xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirinin müavini Fariz Rzayev bu gün Bakıda Bolqarıstanın Milli Azadlıq Gününə həsr olunmuş tədbirdə bildirib.
Tədbirdə nitqlə çıxış edən Fariz Rzayev iki ölkə arasında enerji əməkdaşlığının vacibliyinə toxunub.
“Azərbaycan Bolqarıstanda istehlak olunan qazın 50 faizdən çoxunu təmin edir. Biz energetikanı strateji sektor olaraq nəzərdən keçirik və bu sahədə münasibətlərimizin möhkəmlənməsinə can atırıq”, -deyə o bildirib.
Nazir müavini həmçinin əlavə edib ki, Bolqarıstan Azərbaycan qazının Avropaya nəqli üçün vacib tranzit qovşağına çevrilib ki, bu da ikitərəfli əməkdaşlığın uğurlu nümunəsidir.
“Enerji əməkdaşlığı bizim strateji tərəfdaşlığın təməlidir və biz bu sahədə qarşılıqlı əlaqələri genişləndirəcəyimizə ümid edirik”,-deyə o bildirib.