Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən toplanılmış icbari sığorta haqqlarının həcmi 23,1 milyon manat olub.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 milyon manat və ya 11% çoxdur. Belə ki, 2024-cü ilin ilk ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən toplanılmış icbari sığorta haqqlarının həcmi 20,8 milyon manat idi.
Bəhs olunan dövrdə bu sığorta sinifi üzrə ödənişlərin həcmi 10,1 milyon manat təşkil edib ki, bu da, illik müqayisədə 1,9 milyon manat, yaxud da 1,9% çoxdur. Ötən ilin yanvar ayında ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən ödənilmiş icbari sığorta ödənişlərinin həcmi 8,2 milyon manat idi.
Ötən ay bu sığorta növü üzrə toplanılmış hər 100 manat sığorta haqqından 43,8 manat sığorta ödənişi edilib ki, bu da, illik müqayisədə 4,2 manat artıqdır. Ötən ilin müvafiq dövründə bu məbləğ 39,6 manat təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 163.7 milyon manat sığorta haqqı yığılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,6% çoxdur. Eyni zamanda, bu ilin yanvar ayında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 47.6 milyon manat sığorta ödənişi edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22.8% artım deməkdir.