Bakı. Trend:
Azərbaycan Respublika ərazisində yeraltı su ehtiyatlarının qiymətləndirilməsi 8800 ədəd müşahidə quyuları, o cümlədən 2100 ədəddən yuxarı müalicəvi, kəhriz və termal suların dərinlik quyularından əldə edilən məlumatlardan istifadə etməklə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Geoloji Kəşfiyyat Agentliyi” PHŞ tərəfindən aparılan hidrogeoloji tədqiqatlar əsasında həyata keçirilir.
Trend-in məlumatına görə, bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında (ADSEA) Suların İstifadəsinə və Mühafizəsinə Nəzarət Dövlət Xidmətinin mətbuat konfransında Suların istifadəsinə və mühafizəsinə nəzarət şöbəsinin müdiri Ataxan Bədəlov deyib.
Onun sözlərinə görə, yerüstü su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə respublika ərazisində mövcud olan çaylar üzərində və Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində mütəmadi hidroloji monitorinqlərin aparılması üçün 88 stansiya və məntəqə vasitəsi ilə suyun səviyyəsi, temperaturu, su sərfinin ölçülməsi məqsədilə gün ərzində iki dəfə olmaqla monitorinq ölçmə işləri aparılır. Suyun kimyəvi göstəricilərinin müəyyən edilməsi və laborator analizlər aparılması üçün nümunələr götürülərək aidiyyəti üzrə göndərilir.
“Bundan əlavə, respublika üzrə hidrogeoloji meliorativ vəziyyətin qiymətləndirilməsi və suvarılan ərazilərdə torpağın şorlaşma dinamikasının müəyyən olunması məqsədilə götürülən torpaq nümunələri üzərində laborator analizlər aparılmaqla suyun 1 litrində duzların qramla miqdarı müəyyən olunaraq regional zonalara göndərilir. 1:50000 miqyasında şorlaşma xəritələri tərtib olunur. Bu xəritələr növbəti mərhələdə meliorativ tədbirlərin həyata keçirilməsi və torpaqlarda təkrar şorlaşma risklərinin aradan qaldırılıması istiqamətində preventiv tədbirlərin görülməsinə imkan verir. Çaylar üzərində quraşdırılmış 40 dəst avtomat hidroloji stansiyada monitorinqlərin aparılması məqsədilə təchiz edilmiş avadanlıqlar vasitəsilə real vaxt rejimində müvafiq məlumatların əldə edilməsi təmin edilir”, -deyə o, qeyd edib.