Bakı. Trend:
Cari ilin yanvar-mart aylarında Azərbaycanda yanacaq istehlakçılarına 853,6 milyon manat məbləğində avtomobil benzini və dizel yanacağı satılıb.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, ötən ilin müvafiq ayları ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlir 123 milyon manat artıb.
Belə ki, 2024-cü ilin eyni dövründə Azərbaycanda əhali avtomobil benzini və dizel yanacağına 730,6 milyon manat xərcləyib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağına sərf olunan vəsait ümumi pərakəndə ticarət dövriyyəsinin 5,9%-ni təşkil edib.
Xatırladaq ki, cari ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 14,6 milyard manatlıq, o cümlədən, 8,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,7 faiz, qeyri-ərzaq malları üzrə 6,3 faiz artıb.