Bakı. Trend:
Ötən il Azərbaycan Mərkəzi Bankının (AMB) maliyyə sabitliyi siyasətinin əsas prioritetlərini maliyyə-bank sisteminə etimadın qorunması, risklərin minimallaşdırılması, maliyyə sektorunda idarəetmə potensialının və şoklara qarşı dayanıqlığın artırılması təşkil edib.
AMB-dən Trend-ə verilən məlumata görə, il ərzində həyata keçirilən makroprudensial siyasət, tənzimləmə və nəzarət tədbirləri nəticəsində maliyyə sektorunun bütün seqmentlərinin stabil fəaliyyəti təmin edilib, maliyyə sisteminin sabitliyi gücləndirilib.
Bildirilib ki, hesabat ili ərzində Mərkəzi Bank tərəfindən Bank sektoru üzrə makroprudensial siyasət çərçivəsi və “Risk əsaslı nəzarət üzrə Siyasət” konsepsiyası sənədləri təsdiq olunmuş və ictimaiyyətə açıqlanıb.
"2024-cü il ərzində bank sektorunun maliyyə vasitəçiliyi funksiyası daha da dərinləşmiş, aktiv kreditləşmə fəaliyyəti davam etmişdir. Bank sektoruna inamın artımı, həyata keçirilən pul siyasətinin yeni əməliyyat çərçivəsi və makroprudensial siyasət çərçivəsi fonunda balansın genişlənməsi daha dayanıqlı maliyyələşmə hesab olunan müddətli depozitlər hesabına dəstəklənmişdir. Kredit portfelinin artım dinamikası fonunda tənzimləmə çərçivəsinin daha da təkmilləşdirilməsi və kredit təşkilatlarının riskləri effektiv idarə etməsi kredit risklərinin azalmasını şərtləndirmişdir", - deyə məlumatda qeyd olunub.