Milan. Trend:
Yaxın vaxtlarda Qırğızıstanda Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı çərçivəsində yüksək vəzifəli şəxslərin görüşü keçiriləcək.
Trend-in Milana ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Asiya İnkişaf Bankının (AİB) 58-ci İllik Toplantısı çərçivəsində keçirilən brifinqdə Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya Departamentinin Regional Əməkdaşlıq və Əməliyyatlar üzrə Koordinasiya şöbəsinin direktoru Ləzizə Sabirova deyib.
"Qırğızıstan Respublikası ilə Asiya İnkişaf Bankı arasında çox sıx əməkdaşlıq var. Yeri gəlmişkən, keçən il biz tərəfdaşlığın 30-cu ildönümünü qeyd etdik. CAREC proqramına gəlincə, Qırğızıstanda bir çox regional tədbirlər keçirilir. Xüsusilə çox yaxında - iyun ayında İssık-Kulda CAREC-in yüksək vəzifəli şəxslərinin görüşü keçiriləcək. Tədbirdə 10 ölkənin nümayəndələri iştirak edəcəklər. Həmçinin, noyabrın ikinci yarısında keçiriləcək nazirlər konfransına hazırlaşırıq”, - Sabirova qeyd edib.
O əlavə edib ki, CAREC institusional fəaliyyətlə yanaşı, nəqliyyat, enerji və ticarətin asanlaşdırılması üzrə fəal işçi qruplarına malikdir.
"Əsas iş burada gedir. Ölkələr bir araya gəlir, regional əməkdaşlıq layihələrini müzakirə edir və təşviq edir. Bundan başqa, birbaşa Qırğızıstan hökuməti tərəfindən irəli sürülən bir çox təşəbbüslər olub", - o vurğulayıb.