Bakı. Trend:
Bakıda bu gün 18-ci Azərbaycan Beynəlxalq Kənd təsərrüfatı “Caspian Agro” və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərinə həsr olunmuş mətbuat konfransı baş tutub.
Trend xəbər verir ki, konfrans Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrinin, eləcə də sərgi təşkilatçılarının iştirakı ilə keçirilib.
Mətbuat konfransında çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Toğrul Qafarbəyli bildirib ki, bu il Kənd Təsərrüfatı Nazirliyi olaraq ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq süni intellektin kənd təsərrüfatında tətbiqi əsas prioritetlərimizdəndir.
Onun sözlərinə görə, nazirlik bu il süni intellektin tətbiqi ilə bağlı bir neçə layihələri sərgi iştirakçılarına göstərəcək: "Uzun araşdırmalardan sonra aydın olub ki, Azərbaycanda yerləşən universitetlərdə süni intellekt istiqamətində yetişdirilən tələbələr və bazarda olan böyük aqroparklar arasında bir sinerji yoxdur və buna ehtiyac vardır. Bu sinerjini biz bu il ilk dəfə olaraq yaratmaq istəyirik".
"Ona görə də istəyirik ki, bu sərgidə həm universitetlərdə təhsil alan tələbələr, həm də iri aqroparklar bir-biri ilə sinerji yaratsınlar və onlar da süni intellektin kənd təsərrüfatında tətbiqini bilavasitə göstərsinlər", - deyə o vurğulayıb.
Öz növbəsində, "Caspian Event Organisers"in rəsmisi Bəhruz Hidayətzadə qeyd edib ki, Bakıda Dayanıqlı Kənd Təsərrüfatı İnvestisiya Forumu keçiriləcək.
O bildirib ki, Beynəlxalq Aqrar İnnovasiya Forumu çərçivəsində Bakı Ekspo Mərkəzində, ümumilikdə 200-dən çox beynəlxalq və yerli nümayəndələr, rəsmi şəxslər və ekspertlərin iştirakı ilə İslam Ticarət və İnkişaf Palatasının “Dayanıqlı Kənd Təsərrüfatı İnvestisiya Forumu” keçiriləcək:
"Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Aqrar İnnovasiya Mərkəzi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və sərgi təşkilatçılarının dəstəyi ilə keçiriləcək tədbir 14-15 may tarixlərində təşkil ediləcək".
"Forumun müzakirə gündəmində davamlı kənd təsərrüfatına investisiya, kənd təsərrüfatında KOB-ların gücləndirilməsi, kənd təsərrüfatı ticarəti, dəyər zəncirləri və qida bazarları kimi mövzular yer alacaq. Tədbir zamanı həmçinin ikitərəfli işgüzar (B2B) görüşlər, eləcə də müxtəlif təlimlər təşkil ediləcəkdir. Bu forum Azərbaycanın kənd təsərrüfatı sektoru üzrə beynəlxalq iqtisadi əlaqələrin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir", - deyə o qeyd edib.
Qeyd edək ki, 13-16 may tarixlərində artıq milli brendə çevrilmiş Xəzər regionunun ən böyük 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri Bakı Ekspo Mərkəzində keçiriləcək. Bu illər ərzində sərgilər, etibarlı və tanınan milli brend olmaqla yanaşı, dünyanın aparıcı beynəlxalq tədbirləri sırasına daxil olaraq, qlobal sərgi təqvimində layiqli yerini tutub.
Tədbirlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərini fəal şəkildə dəstəkləyirlər.