...

Azərbaycan və BƏƏ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi müzakirə edilib (FOTO)

Siyasət Materials 6 May 2025 18:07 (UTC +04:00)
Azərbaycan və BƏƏ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi müzakirə edilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri çərçivəsində mayın 6-da bu ölkənin Federal Milli Şurasının sədri Saqr Qobaş ilə görüşüb.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan parlamentinin sədrini səmimiyyətlə salamlayan Saqr Qobaş bu səfərin ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə töhfə verəcəyinə inamını ifadə edib. Saqr Qobaş ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına əhəmiyyət verdiyini qeyd edərək xüsusilə iqtisadi əməkdaşlıq sahəsində əldə olunan nəticələrdən razılığını ifadə edib.

Bu səfərin onun Milli Məclisin sədri kimi Birləşmiş Ərəb Əmirliklərinə ilk səfəri olduğunu deyən spiker Sahibə Qafarova Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib.

Söhbət zamanı qeyd olunub ki, ölkələrimizi tarixi, dini və mədəni köklər birləşdirir və ikitərəfli əlaqələrimiz qardaşlıq, qarşılıqlı hörmət, etimad və dəstək mühitində inkişaf edib. Görüşdə münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində ölkələrimizin liderlərinin birgə səylərinin, həmçinin yüksək səviyyəli qarşılıqlı səfərlərin xüsusi əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri barədə də fikirlər ifadə olunub. Qeyd olunub ki, ölkələrimiz BMT, İƏT və Qoşulmama Hərəkatı kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir və qarşılıqlı dəstək nümayiş etdirirlər. Milli Məclisin sədri Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi barədə məlumat verib. Qeyd olunub ki, ölkəmizin sədrliyi ilə həyata keçirilən tədbirlər təşkilatın institusional inkişafına və onun beynəlxalq mövqelərinin möhkəmlənməsinə töhfələr verir. O, Birləşmiş Ərəb Əmirlikləri parlamentinin təmsilçilərinin Parlament Şəbəkəsinin tədbirlərində iştirakından məmnunluğunu bildirib.

Federal Milli Şuranın sədri Saqr Qobaş Sahibə Qafarovanı yenidən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin sədri seçilməsi münasibətilə təbrik edərək beynəlxalq münasibətlərdə müşahidə olunan qütbləşmə və gərginliklər fonunda Parlament Şəbəkəsinin mühüm rol oynaya biləcəyini və ölkəsinin bu platforma çərçivəsində əməkdaşlığa əhəmiyyət verdiyini bildirib.

Görüşdə ölkələrimiz arasında münasibətlərin ruhuna uyğun olaraq qanunverici orqanlarımız arasında da uğurlu əlaqələrin qurulduğu qeyd olunaraq vurğulanıb ki, həm qarşılıqlı əsasda, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq bu sahədə müsbət nəticələrin əldə olunmasını şərtləndirib. Spiker Sahibə Qafarova Federal Milli Şuranın sədri ilə bundan öncə keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq bu cür təmasların, o cümlədən, qarşılıqlı səfərlərin münasibətlərə müsbət töhfələr verdiyini bildirib. Söhbət zamanı dostluq qruplarının fəaliyyətinin də parlamentlərarası əlaqələrin inkişafında əhəmiyyəti diqqətə çatdırılıb. O, BƏƏ parlamentinin üzvlərinin mütəmadi olaraq Milli Məclisin təşkil etdiyi beynəlxalq tədbirlərdə iştirakından razılığını bildirib.

Görüşdə Azərbaycanın COP29-a sədrliyi ilə BƏƏ-nin COP28-ə sədrliyi arasında çox uğurlu əməkdaşlıq olduğu bildirilib. Həmçinin, COP29 çərçivəsində keçirilən Parlament Toplantısında BƏƏ parlamentinin 3 nümayəndəsinin iştirak etdiyi, tədbirin təşkilində tərəflər arasında təcrübə mübadiləsi aparıldığı da diqqətə çatdırlıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti