Bakı. Trend:
Böyük Britaniya hökuməti yeni immiqrasiya tədbirləri çərçivəsində bəzi ölkələrdən, o cümlədən Pakistan, Nigeriya və Şri-Lankadan olan vətəndaşlara viza verilməsini məhdudlaşdıra bilər.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat verib.
Məlumata görə, səbəb bu ölkələrdən gələn bəzi şəxslərin iş və ya təhsil vizası ilə qanuni şəkildə Britaniyaya daxil olduqdan sonra sığınacaq üçün müraciət etməsidir. Bu cür hallar müvəqqəti vizaların daimi yaşayış üçün istifadə olunması kimi qiymətləndirilir.
Ölkənin Daxili İşlər Nazirliyi yaxın günlərdə miqrasiya sistemində islahatları əhatə edən yeni “Siyasət Sənədi” təqdim edəcəyini bəyan edib.
Qeyd olunur ki, məhdudiyyətlərin sığınacaq müraciətlərinə təsiri böyük olmayacaq və əsas məqsəd sistemdən sui-istifadənin qarşısını almaqdır. Belə ki, 2023/24-cü illərdə Böyük Britaniyada 99,790 nəfər sığınacaq üçün müraciət edib, onların arasında Pakistan vətəndaşları (9,560 nəfər) ilk yeri tutur.