Bakı. Trend:
“Azərbaycan Dəmir Yolları” (ADY) ASC-nin rəqəmsal transformasiyası layihəsi ümumilikdə 60,52 milyon ABŞ dolları həcmində maliyyələşdirmə çərçivəsində həyata keçiriləcək.
Bu barədə Trend Asiya İnkişaf Bankına (AİB) istinadən xəbər verir.
Həmin məbləğdən 47 milyon dollar vəsaiti AİB ayıracaq, əlavə 13,52 milyon dollar həcmində vəsait qeyri-bank birgə maliyyələşməsi nəticəsində ayrılacaq.
Layihənin 31 dekabr 2028-ci ildə başa çatması nəzərdə tutulub, onun həyata keçirilməsi ilə “Azərbaycan Dəmir Yolları” ASC məşğul olacaq.
Təşəbbüs ADY-də əsas əməliyyat proseslərinin – yükdaşıma idarəçiliyi, aktivlərin idarə olunması, investisiya planlaşdırılması və tikintiyə nəzarət, yük daşımalarının kommersiya idarəçiliyi və korporativ funksiyaların - rəqəmsallaşdırılmasına yönəlib.
Layihə çərçivəsində inteqrasiya olunmuş məlumat idarəetmə sisteminin hazırlanması və quraşdırılması, eləcə də, tələb olunan infrastrukturun – serverlərin, kabellərin, işçi stansiyaların və köməkçi avadanlıqların montajı nəzərdə tutulur. Yeni sistem dövlət və özəl qurumlarla məlumat mübadiləsi aparmaq qabiliyyətinə malik olacaq.
Layihə Azərbaycanın dəmir yolu sektorunun davamlı iqtisadi inkişafına dair milli strategiyasına uyğundur və ADY-nin əməliyyat və maliyyə səmərəliliyinin artırılmasına yönəlib.