Bakı. Trend:
Neft İxrac edən Ölkələr Təşkilatının (OPEK) baş katibi bəyan edib ki, “hazırda nə neft tədarüklərində, nə də bazar dinamikasında əlavə tədbirlərin görülməsini zəruri edəcək dəyişiklik yoxdur”.
Trend xəbər verir ki, bu barədə təşkilatın bəyanatında deyilir.
Bu bəyanat, Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birolun İsrailin İrana endirdiyi zərbələrlə bağlı narahatlığını ifadə etməsinə və vəziyyətin fövqəladə neft ehtiyatlarından istifadə zərurəti yarada biləcəyini bildirməsinə cavab olaraq verilib.
“BEA-nın neft təhlükəsizliyi sisteminə 1,2 milyard bareldən çox strateji ehtiyat daxildir və o artıq qlobal iqtisadiyyatın qorunmasında əsas rolunu sübut edib”, – Birol paylaşımında qeyd edib.
OPEK-in açıqlamasında qeyd olunub ki, BEA-nın icraçı direktorunun sosial şəbəkələrdə hazırkı bazar şəraiti və fövqəladə ehtiyatlardan istifadənin mümkünlüyü barədə bu gün səsləndirdiyi fikirlər, ocümlədən ehtiyatlardan istifadə zərurətini əsaslandırılmamış şəkildə təkrarlaması, yalnış həyəcan yaradır və bazarda təşvişə səbəb olur.
Təşkilat əlavə edib ki, oxşar qiymətləndirmələr, o cümlədən 2022-ci ildə də bazarda dəyişkənliyin artmasına və ehtiyac olmayan ehtiyatların vaxtından əvvəl istifadəsinə gətirib çıxarmışdı.
Bəyanatda vurğulanır ki, xüsusilə mürəkkəb geosiyasi vəziyyət şəraitində bazarın vəziyyəti ilə bağlı şərhlər yoxlanılmış məlumatlara və dəqiq təhlilə əsaslanmalıdır.