Bakı. Trend:
“Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) 2026-cı ildən etibarən hər il formalaşan pul vəsaitinin böyük hissəsini dividendlər şəklində SOCAR-a və Azərbaycan dövlətinə yönəldəcək.
Bu barədə Trend “Fitch Ratings”ə istinadən xəbər verir.
“Biz qroqnozlaşdırırıq ki, EBITDA (faizlər, vergilər, amortizasiya və köhnəlmə çıxılmadan əvvəlki mənfəət) xalis leverec əmsalı göstəricisi 2025–2028-ci illər üzrə orta hesabla təxminən 0,5x (2024-cü ildə 0,3x) səviyyəsində olacaq ki, bu da güclü pul axınlarının davam etməsi və aşağı kapital xərcləri ilə bağlıdır. Proqnozlarımıza əsasən, 2026-cı ildən etibarən “Cənub Qaz Dəhlizi” QSC hər il generasiya edilən vəsaitin böyük hissəsini SOCAR-a və dövlətə dividendlər kimi yönəldəcək. Təhlildə biz “Cənub Qaz Dəhlizi” QSC-nin konsolidasiya olunmuş profilinə əsaslanırıq. Bu profilə TANAP-ın tam konsolidasiyası (o cümlədən minoritar pay sahiblərinə dividendlər), “Şahdəniz” hasilatın pay bölgüsü sazişindəki payın proporsional konsolidasiyası və “Cənubi Qafqaz Boru Kəməri, eləcə də TAP-dakı paydan əldə olunan dividendlər daxildir”.
Reytinq agentliyinin analitikləri “ Abu Dhabi National Oil Company”nin investisiya platforması olan “XRG” şirkətindəki payın mümkün satışı baş verdikdən sonra da “Cənub Qaz Dəhlizi” QSÇ-nin reytinq strukturunun dəyişməz qalacağını gözləyir.
“Hesab edirik ki, Azərbaycan “Cənub Qaz Dəhlizi” QSC üzərində nəzarəti və qərarvermə hüququnu qoruyub saxlayacaq. Əgər tərəflər layihələrin gücünü artırmaq qərarına gəlsələr, bu əməliyyat korporativ idarəetmə və texnoloji dəstək baxımından müsbət təsir göstərə bilər, həmçinin maliyyələşməyə çıxışı asanlaşdıra bilər”.
