...

Aİ-92 markalı benzin 5 qəpik bahalaşıb

İqtisadiyyat Materials 1 Yanvar 2026 09:00 (UTC +04:00)
Aİ-92 markalı benzin 5 qəpik bahalaşıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 1 manat 10 qəpikdən 1 manat 15 qəpiyə qaldırılıb.

Trend-in məlumatına görə, bununla bağlı Tarif (qiymət) Şurası müvafiq qərar verib.

Bildirilib ki, son illərdə iri şəhərlərin artan əhalisi və şəhərətrafı ərazilərdə məskunlaşanların çoxalması nəqliyyat sistemləri və mobilliklə bağlı yeni çağırışların ortaya çıxmasına səbəb olub.

Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınmalarının dayanıqlılığının, sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin təmin olunması, qabaqcıl beynəlxalq tələblər və təcrübə nəzərə alınmaqla bu sahədə fəaliyyət göstərən daşıyıcıların işinin səmərəli təşkili məqsədilə 2025-ci ilin sentyabrında “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu yaradılıb.

Fondu formalaşdıran mədaxil mənbələrindən biri kimi avtomobil benzini, dizel və maye qazın hər litrinə görə yol vergisinin Fonda köçürülən hissəsi müəyyən edilib.

Qanunvericiliyə edilən dəyişikliyə əsasən, yanacağın hər litrinə görə yol vergisi 7 qəpik müəyyənləşdirilib.

Bununla bağlı, Tarif (qiymət) Şurasının müvafiq qərarı ilə Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 1 manat 10 qəpikdən 1 manat 15 qəpiyə dəyişdirilib.

Yanacaq tariflərinin müəyyən hissəsi “İctimai nəqliyyat” Məqsədli Büdcə Fonduna yönəldilməklə əhaliyə daha keyfiyyətli nəqliyyat xidmətlərinin göstərilməsinə, ərazinin perspektiv inkişafı nəzərə alınmaqla yol hərəkətinin bütün iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə, ümumi istifadədə olan nəqliyyat xidmətlərinin keyfiyyətinin, dayanıqlılığının və əlçatanlığının artırılması məqsədləri üçün istifadə olunacaq.

Vurğulanıb ki, tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti əksər ölkələrlə müqayisədə yüksək deyil.

Qeyd edək ki, dəyişiklik 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti