Azərbaycan, Bakı / Trend , müxbir S.Əliyev/ "AZAL Dövlət Konserninə məxsus Mİ-8 vertolyotunun dənizdə qəzaya uğraması zamanı zərərçəkənlərin axtarışı üçün respublikanın bütün dalğıc qrupları cəlb edilib" - deyə şənbə günü Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, bu qrupun ixtiyarına ARDNŞ-da olan ən müasir dalğıc-xilasedici avadanlıqlar verilib. Bu avadanlıqlar sualtı çəkilişlər aparmaq və bütün əldə olunan məlumatları gəmiyə ötürülmə imkanı verir.
"Biz zərərçəkənlərin axtarışı üçün əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik" - deyə Abdullayev bildirib.
Hazırda axtarışların aparılması üçün bir neçə maneə mövcuddur. Küləyin qalxması nəticəsində dənizin suyu bulanıb ki, bu da, görməni pisləşdirir və axtarışları çətinləşdirir. Bundan əlavə qəza yerində sualtı axmalar müşayət olunur. Buna baxmayaraq, axtarışlar davam etdirilir və dayandırılmayacaq.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov öz növbəsində qeyd edib ki, hazırda vertolyotun qəzaya uğrama səbəbələrinin müəyyən edilməsi ilə bağlı nəsə demək çətindir. Bu səbəblərin müəyyən olunması üçün vertolyotun bütün hissələri sudan çıxarılmalı, ekspert baxışı keçirilməli və hava gəmisinin "Qara qutu"su öyrənilməlidir.
Dənizdə qəzaya məruz qalan AZAL Dövlət Konserninə məxsus vertalyot, bu gün dənizin dibindən çıxarılıb və saat yarıma sahilə çatdırılacaq.
Onunla bərabər qəza yerində aşkar olunan iki cəsəd də, gətiriləcək. Bu barədə Dövlət Konsernindən bildiriblər.
"Cəsədlərin sahilə çatdırılmasından sonra şəxsiyyətin müəyyənləşdirilməsinə başlanacaq" - deyə AZAL-dan bildiriblər.
Oktyabrın 12-də təxminən saat 21.30-da "Azalheliokopters" müəssisəsinin balansında olan 25152 markalı MI-8 vertalyotu "Bail Limanı" kəşfiyyat dəniz qurğusu idarəsinin əməkdaşlarından biri olan Əsədov Qəhrəman Soltan oğlunun sağlamlığında yaranan problemlə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) "Xəzər -4" üzən qazma qurğusunun yerləşdiyi "Qərbi Abşeron" neft və qaz dəniz yatağı rayonuna çağırılıb.
Xəstə və onu müşayiət edən Şaşkayev Zahid Cavad oğlunu götürən vertolyot bir neçə vaxtdan sonra qurğudan 200 metr aralıda dənizə düşüb.
Hadisə zamanı vertolyotda 4 ekipaj üzvü - Viktor Qlinenko, Vladimir Nekrasov, Əhməd Əliyev, Cahid İbrahimov və yuxarıda qeyd olunan ARDNŞ-ın əməkdaşları - "Xəzər-4" qurğusunun mühəndisi 1951-ci il təvəllüdlü Əsədov Qəhrəman Soltan oğlu və 6-cı bölmənin elektriki 1956-cı il təvəllüdlü Şaşkayev Zahid Cavad oğlu olub.
Qəza ilə bağlı bütün müvafiq orqanlara məlumat verilib. ARDNŞ prezidenti Rövnəq Abdullayevin əmrinə əsasən Xəzər Dəniz Neft Donanmasına məxsus "Qaradağ-7", "PSK-21", "PSK-173", "Orion-26", "Neftqaz-10", "Vixr-7", "Macik-1", "Geofizik" gəmiləri, "Çalağan-6" gəmisi ilə dalğıclar, həmçinin 10 tonluq "Şirvan-3" və 40 tonluq "İslam Kərimov" kranlı gəmiləri qəza rayonuna göndərilib. ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev və Azərbaycan Respublikasının fövqəldə hallar naziri Kəmaləddin Heydərov qəza yerində olublar. Xilas- axtarış işləri üzrə operativ qərargah yaradılıb. ARDNŞ və digər orqanların rəhbər işçiləri bu qərargaha daxil edilib.
ARDNŞ prezidenti Rövnəq Abdullayev və nazir Kəmaləddin Heydərovun başçılığı altında qərargah qəza rayonunda bütün gecəni işləyib. Qaranlıq olmasına baxmayaraq vertolyotun düşdüyü yer dəqiqləşdirilib və əhatəyə alınıb. ARDNŞ-ın təxminən 20 dalğıcı və kranlı gəmilərin vasitəsilə 12 metr dərinlikdən iki cəsəd və vertolyotun əsas hissələri yuxarıya qaldırılıb. Cəsəd vertolyotun komandiri və onun köməkçisinə məxsusdur.
Hazırda axtarış işləri davam etdirilir. ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev və nazir Kəmaləddin Heydərov "Macik-1" gəmisi ilə axtarış proseslərinə rəhbərlik edirlər.
AZAL Dövlət Konserni baş direktorunun müavini Sabir İlyasovun Trend ə verdiyi məlumata görə, hazırda vertalyotun sudan qaldırılması prosesi həyata keçirilir.
Onun sözlərinə görə, qəza vertalyot qazıma platformasından sərnişinləri götürüb qayıdan zaman baş verib. "Vertolyot aşağı enməyə başlayıb və suya düşüb. Bundan sonra o batıb. Hava gəmisinin qanadları suda qırılıb" - deyə o bildirib. Dörd ekipaj üzvü və iki sərnişin olmaqla altı nəfər həlak olub. S.İlyasov qeyd edib ki, uçuş zamanı hava şəraiti normal olub. Həmçinin vertalyot da, tam yaxşı vəziyyətdə olub. Hazırda qəzanın səbəblərinin araşdırılması üzrə xüsusi komissiya yaradılıb.