...

Azərbaycan Türkiyə və Ukraynadan quş əti məhsullarının idxalına qadağa tətbiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2008 16:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar / Trend , müxbir S.Babayeva/ Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti yanvarın 23-dən, Türkiyə və Ukraynada "quş qripi" virusu baş qaldırdığından,bu dövlətlərdən ölkəyə quş əti məhsullarının gətirilməsinə müvəqqəti olaraq qadağa tətbiq edib. Bu barədə çərşənbə günü Dövlət Xidmətinin mətbuat katibi Yolçu Xanvəli məlumat verib.

"Biz Beynəlxalq Epizodik Bürosundan (BEB) xəbərdarlıq aldıq və dərhal bu ölkələrdən quş əti məhsullarının idxalına rəsmi olaraq qadağa tətbiq edilməsi barədə qərar qəbul etdik" - deyə o bildirib.

Yanvarın 17-də Ukrayna Baytarlıq Tibb Komitəsindən Lobzenko (Krasnoqvardeysk rayonu) quşçuluq təsərrüfatında yüksək potogenik "quş qripi"nin (H5N1 virusu) aşkar olunması ilə bağlı labaratoriya təsdiqi barədə məlumat daxil olub.

Burada yanvarın 15-dən 17-ə qədər olan dövr ərzində 153 baş quş ölüsü qeydə alınıb. Bu təsərrüfatda ümumilikdə 25 min baş toyuq saxlanılırdı. Quşçuluq müəssisəsində 24 min başdan çox quş və 14 min ədəddən artıq toyuq yumurtası məhv edilib. Hazırda ev quşlarının mümkün yoluxma halları ilə bağlı,Krasnoqvardeysk royonunun yaşayış məntəqələrində tədqiqat aparılır.

Türkiyədə "quş qripi" virusu yanvarın 19-da Qara dənizin Zonquldağ əyalətinin Saz kəndində ev quşlarında aşkar olunub. Ekspertlər tərəfindən aparılan test nəticələri virusun H5N1 dərəcəsinə aid olduğunu təsdiq edib.

BEB-nun məlumatına görə, 2007-ci ildə "Quş qripi" virusu Əfqanıstan, Banqladeş, Kamboca, Çexiya, Fransa, Almaniya, Qana, Honkonq, Küveyt, Macarıstan, Hindistan, Yaponiya, Koreya, Laos, Malaziya, Pakistan, Rumıniya, Rusiya, Polşa, Tailand, Türkiyə,Böyük Britaniya, Toqo və Vyetnamın ferma və quşçuluq təsərrüfatlarında aşkar olunub.

Xəbər lenti

Xəbər lenti