Azərbaycan, Bakı, 18 iyun/ Trend / 2008-2013-cü illər güclü sənaye istehsalının yaradılması və Azərbaycanın sənayesinin diversifikasiyası dövrüdür. Ölkənin intensiv iqtisadi inkişafı bizim üçün sənaye potensialının artımının ölkənin inkişafının prioritet istiqaməti olmasına, sənayeləşmə prosesinin yüksək templərlə getməsinə imkan yaradır. Bunun üçün zəruri valyuta ehtiyatları var. Sonrakı illər ərzində yeni iş yerləri açılacaq, postsənaye cəmiyyətinə keçidə zəmin yaradılacaq,- Azərbaycan Prezidenti Aparatının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gündəlik dəyişməz qalır: müasirləşdirməyə doğru" məqaləsində deyilir.
Eyni zamanda, iqtisadiyyatın aqrar sektoru güclü impuls alacaq. Bu gün Azərbaycan əhalinin bütün növ kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi üzrə kurs götürür. Bununla yanaşı, ərzaq təhlükəsizliyi məsələsi prioritet xarakter alır.
Siyasət və iqtisadiyyatın səmərəli şəkildə işləyən qarşılıqlı əlaqəsi Azərbaycanın son illər ərzində postsovet məkanının əhəmiyyətli və daha intensiv inkişaf edən ölkəsinə çevrilməsinə imkan verib. Beynəlxalq təşkilatların məruzələrinə əsasən, Azərbaycan rəqabətqabiliyyətliliyinə görə yalnız regionda liderlik etmir, həm də postsovet məkanında əsas rəqabətqabiliyyətli dövlətlər sırasındadır.
Beynəlxalq Valyuta Fondunun məlumatlarına əsasən, qarşıdakı altı ildə Azərbaycanda adambaşına düşən gəlirinin artımı dünya üzrə ən sürətli templəri nümayiş etdirəcək (252,6 faiz). Belə ki, 2013-cü ildə Azərbaycanda əhalinin adambaşına düşən ÜDM-in həcmi 2007-ci ildəki 3.663 ABŞ dollarından 12.915 ABŞ dollarınadək artacaq. Beləliklə, 2003-cü ildə Azərbaycanda adambaşına düşən milli gəlirin həcmi (880 ABŞ dolları) Ermənistanın göstərici ilə (873 ABŞ dolları), demək olar ki, eyni səviyyədə idisə, Azərbaycan 2013-cü ildə qonşusunu analoji göstəricilər üzrə 3 dəfədən çox qabaqlayacaq.
2013-cü ildə Azərbaycan adambaşına düşən ÜDM-ə görə BVF-in hesabatına təqdim olunmuş 181 ölkə arasında 56-cı yeri tutacaq. Beləliklə, Azərbaycan Avropa İttifaqı ölkələrini, Şimali Amerika və Asiyanın inkişaf etmiş ölkələrini və Yaxın Şərqin neft hasil edən ölkələrini izləyəcək. Bu gün Azərbaycan (2007-ci ilin hesabatı üzrə) müvafiq göstəricilər üzrə 91-ci yerdədir.
"Bizim vəzifəmiz gələcəkdə də milli iqtisadiyyatın artımını təmin etmək və keçmiş ittifaq respubikaları arasında onun lider mövqeyini saxlamaqdır. İqtisadi determinantların təfərrüatına varmayraq, vurğulayaq ki, son beş il ərzində Azərbaycan rəvan şəkildə liberal iqtisadiyyatın məqsədyönlü surətdə formalaşan əsasları məkanına keçərək, postsovet transformasiya xərclərindən nəzərəçarpacaq dərəcədə qurutula bilib", - Azərbaycan Prezidenti Aparatının rəhbərinin məqaləsində vurğulanır.