Azərbaycan, Bakı, 03 dekabr/ Trend / Azərbaycanda ilk virtual ticarət mərkəzi - www.Terasell.com yaradılıb. O, vahid platforma çərçivəsində Azərbaycanın müxtəlif İnternet-dükanlarını birləşdirəcək ilk İnternet-məkandır.
Layihənin əsas məqsədi Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramının ("Elektron Azərbaycan") prinsiplərinə uyğun olaraq, ölkədə elektron ticarətin inkişafına yeni təkan verməkdən ibarətdir. Konsepsiyaya əsasən, bütün ticarət şirkətlərinə "Terasell.com" platformasında təmənnasız şəkildə virtual dükanın açılması üçün imkan yaradılacaq.
Platforma azərbaycanlı proqramçılar tərəfindən tamamlanmışdır və minimal İT-biliklərlə belə, lazımi məlumatları İnternet-dükanlara yükləyib, onları emal etməyə imkan verir.
Layihənin meneceri Arina Quliyevanın sözlərinə görə, layihənin konsepsiyası Azərbaycanda öncədən mövcud olan elektron ticarət modellərindən tamamilə fərqlənir, çünki hər bir kəsə hazır platformadan təmənnasız şəkildə istifadə etmək imkanı verir, həmçinin bütün İnternet-dükanlarını heç bir sərmayə olmadan vahid platforma çərçivəsində birləşdirməyə imkan yaradır.
"Terasell.com" vahid resurs çərçivəsində onlara lazım olan məhsulları seçib almağa çalışan istifadəçilər üçün də çox rahatdır, - Quliyeva hesab edir. Layihə çərçivəsində Bakı və ətraf rayonları əhatə edən çatdırılma xidməti də təklif olunur. Alış-verişin ödənilməsi həm kredit kart, həm də nəğd ödəmə yolu ilə, çatdırılmadan sonra həyata keçirilə bilər.
Layihə çərçivəsində elektron ticarətlərini müstəqil şəkildə inkişaf etdirməyə çalışan şirkətlər üçün İnternet-dükan platformaları işlənib hazırlanacaq. Həmin müştərilər üçün təmənnalı şəkildə tamamilə hazır onlayn-dükanlı İnternet-saytlar yaradılacaq. Onlar da öz növbəsində, vahid İnternet-dükanlar şəbəkəsi çərçivəsində birləşdiriləcəklər.