...

WorldFood Azerbaijan sərgisində iştirak edən şirkətlərin 60 faizi yerli şirkətlərdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2009 17:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may / Trend /

"WorldFood Azerbaijan" ənənəvi Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi öz qapılarını ziyarətçilər üçün 25 may tarixində açacaq.

Sərginin təşkilatçıları qismində "Iteca Caspian LLC" və "ITE Group PLC" şirkətləri çıxış edir. "WorldFood Azerbaijan" sərgisinin Baş sponsoru "Azərsun Holdinq" şirkətidir.

Yubiley "WorldFood Azerbaijan" sərgisi Heydər Əliyev adına İdman və Konsert Kompleksinin mərkəzi zalında və onun ətrafındakı meydançada keçiriləcək. Sərginin işində dünyanın 19 ölkəsindən 90 şirkət iştirak edəcək. Bu ölkələr arasında Türkiyə, Fransa, Almaniya, İtaliya, İsrail, Litva, Ukrayna və digərlərinin adlarını çəkmək olar. Hollandiya, Serbiya və Tailand bu ilin debütantları sayılırlar.

Belarus, Pakistan və Rusiya öz milli stendləri ilə çıxış edəcəklər. Bundan əlavə, ayrıca stenddə Tambov vilayətinin qida sənayesində əldə etdiyi nailiyyətlər nümayiş etdiriləcək.

Sərginin işində fəal olaraq Lənkəran, Qəbələ, Oğuz, İmişli, Zaqatala, Göyçay və Azərbaycanın digər bölgələrindən olan regional şirkətlər iştirak edəcək. Sərgidə iştirak edənlərin 60%-ni yerli şirkətlər təşkil edir; yerdə qalan 40% isə xarici eksponentlərin payına düşəcək. Azərbaycan sərgisində ilk dəfə iştirak edən şirkətlərin sayı 20%-dir.

Builki sərginin ümumi ekspozisiyasında ət və quş məhsulları, süd məhsulları, dondurma, konservləşdirilmiş məhsullar, alkoqollu içkilər, qənnadı və çörək-bulka məmulatları, baqqaliyyə malları, çay və qəhvə, meyvə və tərəvəzlər, dondurulmuş məhsullar, uşaq və pəhriz qidaları, qida əlavələri və inqrediyentlər, ət emalı avadanlıqları, çörəkbişirmə avadanlıqları, süd sənayesi avadanlıqları, qənnadı sənayesi avadanlıqları, makaron məmulatlarının istehsalı avadanlıqları, sarğı materialları və qablaşdırma avadanlıqları və s. kimi məhsullar təqdim ediləcək.

Regionlarda ən son avadanlıq və istehsal texnologiyalarının tətbiq edilməsi məqsədi ilə "WorldFood Azerbaijan" sərgisinin ikinci günü Şirvan şəhəri, Lerik, Lənkəran, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar, Sabirabad və digər rayonlardan olan iş adamları üçün infotur təşkil ediləcək.

Sərgi öz işini 27 may tarixində başa vuracaq.

Xəbər lenti

Xəbər lenti