...

Azərbaycan regionlarında taxılın təmizlənməsi və saxlanması üçün anbarlar tikiləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyul 2009 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyul / Trend , müxbir N.İsmayılova /

"Azərbaycan İqtisadi İnkişaf Nazirliyi nəzdində Sahibkarlığa Yardım Milli Fondu (SYMF) hər birinin tutumu 10 min ton olmaqla, müasir texnologiyalar əsasında qurulmuş, taxıl bitkilərinin təmizlənməsi və saxlanması üçün ölkənin altı iqtisadi rayonunda anbar komplekslərinin yaradılması üzrə sərmayə təkliflərinin qəbulunu elan edib", - cümə günü iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov deyib.

"Azərbaycanda bir neçə ildir ki, taxıl istehsalı artır və bunun üçün lazımi infrastruktur qurulmalıdır, - Səfərov bildirib. - Bu iş ölkədə yaradılmış Taxıl Fondu ilə qarşılıqlı şəkildə aparılır və burada həm dövlət, həm də sahibkarlıq subyektlərinin iştirakı gözlənilir".

Təkliflər aşağıdakı altı iqtisadi rayon üzrə qəbul edilir: Aran, Dağlıq Şirvan, Şəki-Zaqatala, Gəncə-Qazax, Lənkəran və Yuxarı Qarabağ. Layihələrin maliyyələşdirilməsinin sahibkarlıq subyektləri, SYMF-in güzəştli kreditləri, Azərbaycan İnvestisiya Şirkəti və ya onun törəmə strukturlarının hesabına aparılması nəzərdə tutulub. Hər bir iqtisadi rayondan sahibkarlar tenderdə yalnız bir təkliflə çıxış edə bilərlər.

Nazir müavininin sözlərinə görə, 2008-ci ildə bu altı rayonda ölkə üzrə ümumi taxıl həcminin 89,5 faizi (2,3 milyon ton) istehsal edilib. Proqnozlara əsasən, 2009-cu ildə ölkədə taxıl istehsalı 2,89 milyon ton təşkil edəcək.

Təkliflər avqustun 31-dək qəbul ediləcək. Tender paketlərinin açılışının sentyabrın 2-də Milli Fondda keçirilməsi nəzərdə tutulub. Tenderin nəticələri sentyabrın 17-də elan olunacaq.

Təkliflərin qiymətləndirilməsi zamanı üstünlük aşağıdakı meyarlara veriləcək: keyfiyyət, layihənin realizə müddəti, qiymət, avadanlığın texniki xüsusiyyətləri, sanitar-texniki və ekoloji göstəricilər, istifadə və xidmət imkanları, analoji layihələrin realizəsi üzrə təcrübə, kadr potensialı, borc kapitalından asılılıq səviyyəsi, fəaliyyət yerlərinin uyğun təbii-coğrafi yerləşməsi və magistral nəqliyyat şəbəkəsinə yaxınlığı və s.

Təkliflər aşağıdakı ünvanda qəbul edilir: Bakı şəhəri, A.M.Şərifzadə küçəsi, 172, otaq 401. Əlaqədar şəxs Arif Vəliməmmədov, tel: (012) 432-37-17; (055) 847-69-91; Emin Şirinov (012) 432-37-17; (055) 847-69-92; Samir Hümbətov (012) 434-50-11; (012) 432-39-69; (055) 847-69-93.

İyulun 17-nə olan rəsmi məzənnə 0,8041 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti