Azərbaycan, Bakı, 22 iyul / Trend , müxbir N. İsmayılova /
Azərbaycan hökuməti ilə nəqliyyat sahəsində əməkdaşlıq potensialının imkanlarını müzakirə etmək üçün Dünya Bankının (DB) yol infrastrukturu üzrə mütəxəssisi Olivye Le Ber iyulun 20-dən Bakıdadır. Bu barədə bankın Bakı nümayəndəliyindən məlumat verilib.
Nümayəndəlikdən deyildiyi kimi, səfər icmal xarakteri daşıyır və əsas məqsəd ölkədə bankın reallaşdırdığı layihələrlə tanışlıqdır. Səfər həftənin sonuna kimi davam edəcək.
İyunda DB Azərbaycan üçün 183 milyon dollar məbləğində yeni borc paketi təqdim edib. Əsas maliyyələşdirmə Hacıqabul-Bəhramtəpə avtomobil yolunun təmirinə və müasirləşdirilməsinə yönəldiləcək.
Bu məqsədlə standart şərtlərlə DB-nin baş təşkilatı Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından 113 milyon, eləcə də Beynəlxalq İnkişaf Asossiasiyası xəttilə 62 milyon dollar borc ayrılır.
Bankın sözügedən sektorda investisiyası nəqliyyat sektorunda hərtərəfli analizlərə yatırılacaq. DB həm də dəmiryol şəbəkəsinin fiziki potensialının və təhlükəsizliyinin müasirləşdirilməsinə kömək etməyi planlaşdırır. Bu, neft daşımanın həcminin artması ilə əlaqədar olaraq labüddür.