...

"Şimal-Cənub" dəmiryol layihəsi çərçivəsində danışıqlar davam edir - Azərbaycanın nəqliyyat naziri

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2009 20:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 dekabr / Trend , müxbir E.İsmayılov/

Azərbaycan, Rusiya və İran arasında "Şimal-Cənub" dəmiryol nəqliyyatının yaradılması layihəsi danışıqlar mərhələsindədir. Bunu cümə günü Azərbaycanın Nnqliyyat naziri Ziya Məmmədov deyib.

"Ümumilikdə, hazırda "Şimal-Cənub" dəmiryol layihəsi çərçivəsində danışıqlar davam etdirilir", - Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan layihə çərçivəsində 8,8 kilometrlik dəmiryol çəkməlidir. "Bizim tərəfimizdən heç bir problem yoxdur. Nə vaxt İran tikinti prosesində Astaraya (İran) yaxınlaşarsa, biz də Astaradan (Azərbaycan) sərhədədək dəmiryolun çəkilişinə başlamağa hazır olacağıq", - Məmmədov deyib.

"Azərbaycan tərəfi artıq bütün lazımi hazırlıq işlərini görüb, ərazi müəyyən edilib, topoqrafik işlər görülüb və artıq bütün lazımi sənədlər tərtib edilib", - nazir deyib.

"Bizim mövqemiz belədir ki, Astara şəhərinədək bizim dəmiryol nəqliyyatımız var, oraya kiçik həcmlərlə olsa da yüklər göndərilir. Əgər İran tərəfi bunda maraqlı olarsa, onlar Astaradakı (Azərbaycan) dəmiryollarından şəxsi avtomobilləri ilə yük götürə bilərlər", - Məmmədov əlavə edib.

Əvvəllər "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilmişdi ki, dekabrın 20-də Tehranda layihədə iştirak edən tərəflərin işçi qruplarının növbəti görüşü olacaq.

"Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsi Rusiya, Azərbaycan və İran vasitəsilə Avropadan Hindistan və Cənub-Şərqi Asiya ölkələrinə vahid dəmiryol əlaqəsinin yaradılmasını nəzərdə tutur. Layihənin reallaşdırılmasına $400 milyondan çox vəsait tələb olunur. İşlərin əksər hissəsi Azərbaycan sərhədinədək dəmiryol rabitəsinə malik olmayan İranda həyata keçirilməlidir. Azərbaycanda $35-40 milyondan çox vəsait həcmində müəyyən işlər görmək lazımdır.

Azərbaycanda həyata keçiriləcək işlərin həcmi böyük deyil. Astara stansiyasınadək təqribən 8,5 km yol hissəsi çəkilməli, təkər cütlüklərinin dəyişmə sistemi olan stansiyalar, sərhəd və gömrük infrastrukturu yaradılmalıdır. Sərhəd dəmiryol körpüsü də inşa edilməlidir. Lakin bu layihənin reallaşdırılması İranla paritet əsasda həyata keçiriləcək.

Birinci mərhələdə bu dəhlizlə 5 mln. ton yükün daşınacağı proqnozlaşdırılır. Daha sonra bu rəqəm ildə 10-15 mln. tona çatacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti