...

İteca Caspian 2010-cu ildə 16 sərgi və iki konfrans keçirməyi planlaşdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2010 13:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral / Trend /

Azərbaycanda beynəlxalq sərgilər aprel ayında start götürəcək. Qafqazda beynəlxalq sərgilərin təşkili üzrə lider sayılan "Iteca Caspian" şirkəti 2010-cu ildə 16 sərgi və 2 konfrans keçirməyi planlaşdırır. Bu barədə Şirkətin bazar ertəsi yayılan məlumatında deyilir.

Sərgi mövsümünü 13-14 aprel tarixlərində "Grand Hotel Europe" mehmanxanasında keçiriləcək 6-cı Bankçılıq və Maliyyə Konfrans-Sərgisi ("Caspian Banking and Finance") açacaq. "Bankçılıq və Maliyyə" konfransında 200-dən yuxarı nümayəndə heyətinin iştirak edəcəyi gözlənilir. Qlobal iqtisadi böhran nəticəsində yaranan fəsadların Xəzər regionu ölkələrinin bank sisteminə təsiri bu konfransın əsas mövzusu olacaq. Konfransda həmçinin kommersiya bank və müəssisələri üçün kapitalın səfərbər edilməsi üzrə alternativ və effektiv mənbələr qismində regional pul bazarları, habelə regional kapital bazarlarının inkişafı perspektivləri də müzakirə ediləcək. Regionda gələcək bank sektoru modelinin formalaşdırılması mövzusuna ayrıca bir sessiya həsr olunacaq. Bu il ilk dəfə olaraq alternativ bank sistemləri mövzusuna toxunulacaq. Belə ki, konfransın ikinci günü əsas müzakirə mövzularından biri "Böhran dövründə İslam bank fəaliyyəti prinsiplərinin yüksək effektivliyi və bunun üçün əsaslar" olacaq. Bu diskussiyaların iştirakçıları xüsusi olaraq dəvət edilmiş sektor mütəxəssisləri olacaqlar. Ümumilikdə isə konfransda Azərbaycan, Gürcüstan, Qazaxıstan, Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrin milli bankları, maliyyə nazirlikləri, bank assosiasiyaları və digər maliyyə strukturlarından dəvət olunmuş yüksək səviyyəli qonaqlar, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Asiya İnkişaf Bankı (ADB), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Qara Dəniz Ticarət və İnkişaf Bankı kimi aparıcı maliyyə strukturları, eləcə də bir çox bank, sığorta şirkətləri, lizinq şirkətləri, investisiya bankları, konsaltinq, hüquq və auditor şirkətlərinin nümayəndələri iştirak edəcəklər.

Bu konfrans ilə paralel olaraq "Bankçılıq və Maliyyə" sərgisi də keçiriləcək. Azərbaycanın bütün aparıcı bankları və sığorta şirkətləri, o cümlədən banklar üçün xidmətlər təklif edən şirkətlər bu tədbirdə iştirak edəcəklərini artıq təsdiqləyiblər. Sərgi iştirakçıları Gürcüstan, Qazaxıstan, Rusiya, Türkiyə və digər ölkələrdən olan şirkətlər olacaq. Sərgidə banklar və maliyyə, sığorta, lizinq, investisiyalar, kapital bazarları, konsaltinq və audit kimi bölmələr fəaliyyət göstərəcək. Sərgiyə gələn qonaqlar Azərbaycan banklarının yeni sərfəli təklifləri, güzəştli paketlər, kredit şərtləri ilə yaxından tanış olmaqla yanaşı, bank nümayəndələrindən ətraflı məsləhətlər də ala biləcəklər. Sərgidə banklar da diqqətdən kənarda qalmayacaq.

Sərgidə İT texnologiyalar sahəsinin mütəxəssisləri üçün böyük əhəmiyyət kəsb edən xüsusi sektorlardan biri, maliyyə sektoru üçün informasiya sistemləri, bank texnologiyaları, banklar üçün proqramlaşdırma, bankomatlar və s. təqdim edən "BankTech" olacaq.

Daha sonra, bu sərgi estafetini 28-30 aprel tarixlərində Heydər Əliyev adına İdman və Konsert Kompleksində keçiriləcək "AITF 2010" 9-сu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi davam etdirəcək. "AITF" sərgisinin keçirilməsinə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən fəal dəstək verilir. Bu il sərgidə 100-dən yuxarı şirkətin iştirak edəcəyi gözlənilir. Kommersiya şirkətləri ilə yanaşı, hər bir turizm sərgisi üçün əsas dəyərlərdən biri sayılan milli stendlər də sərginin iştirakçıları olacaqlar. Belə ki, bu stendlərdə Yunanıstan, Misir, Hindistan, Malayziya, BƏƏ öz ölkələrinin milli koloritlərini nümayiş etdirəcəklər. Bu il ilk dəfə olaraq, "AITF 2010" 9-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin tərəfdaş ölkəsi qismində Türkiyə Cümhuriyyəti çıxış edir. Bundan əlavə, Türkiyə ötən il ilə müqayisədə ekspozisiya sahəsini 40% genişləndirərək sərgidə ənənəvi olaraq öz milli stendi ilə iştirak edəcək. Tailand, Seyşel adaları, Mavriki və bir sıra digər ekzotik guşələr də geniş şəkildə təqdim olunacaq. İsveçrənin turizm operatorları müxtəlif kateqoriyalı turistlər üçün ən geniş seçim imkanlarını təqdim edəcəklər. Sərgidə ilk dəfə olaraq ziyarətçilərə sanatoriyalarda müalicə üzrə ən geniş xidmətlər diapazonunu təklif edən Stavropol diyarının stendi təqdim olunacaq. Azərbaycan şirkətlərinin ekspozisiyası isə sərginin 45%-ni təşkil edəcək. Bu sərgidə Azərbaycanın regionları aktiv şəkildə təqdim olunacaq. Sərgi ilə paralel olaraq keçiriləcək dolğun tədbirlər proqramına seminarlar, təqdimat mərasimləri, mükafat lotereyaları daxil olacaq.

Sözügedən sərginin hər il artan göstəricilərini nəzərə alaraq, bu il ilk dəfə olaraq "UFI" (Ümumdünya Sərgi Sənayesi Assosiasiyası) tərəfindən sərginin təşkili ilə bağlı audit yoxlaması keçiriləcək. Artıq bir neçə ildir ki, Azərbaycanda keçirilən sərgilərdə illik audit yoxlaması aparılır və "Caspian Oil & Gas", "BakuBuild", "WorldFood Azerbaijan", "BIHE", "BakuTel", "AutoShow" kimi sərgilər keyfiyyət nişanına layiq görülüblər.

"AITF" sərgisi ilə yanaşı "HOREX 2010" - "Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar " 4-cü Qafqaz Beynəlxalq Sərgisi keçiriləcək. Bu sərgidə mehmanxana, restoran və supermarketlər üçün kompleks təchizat, ticarət köşkləri, mətbəx avadanlıqları, qəlyanaltı sistemləri, mehmanxana və restoranlar üçün mebel və bir çox digər avadanlıqlar nümayiş etdiriləcək. Təbii ki, Azərbaycanda sürətlə inkişaf edən turizm biznesi mehmanxana işinə də təsir göstərib. Son illər ərzində ölkədə 300-dən çox yeni mehmanxana, pansionat və sanatoriyalar açılıb. 2009-cu ildə təxminən 60 mehmanxananın tikintisi aparılmışdır və artıq 20 mehmanxana bu ildən etibarən fəaliyyət göstərməyə başlayıb. Hal-hazırda, Azərbaycanın rayonlarında turizm kompleksləri, o cümlədən idman meydançaları, istirahət və əyləncə mərkəzlərinin daxil olduğu beşulduzlu mehmanxanaların inşası davam etdirilir. Bununla da, sözügedən sektorun inkişaf perspektivlərinə heç bir şübhə yoxdur. Bu baxımdan, Qafqaz beynəlxalq sərgisinin əhəmiyyəti xüsusilə yüksəkdir, belə ki, "HOREX" sərgisi regionda sənaye mütəxəssislərinin illik görüşləri üçün yeganə bir məkan, Azərbaycanda mehmanxana avadanlıqları və xidmətləri üzrə ən yeni texnologiyaların tətbiqinə imkan verən tərəfdaş münasibətlərinin qurulması üçün isə əvəzolunmaz meydandır.

19-21 may tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində "WorldFood Azerbaijan" - 16-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi keçiriləcək. Sərgidə 100-dən çox şirkətin iştirak edəcəyi gözlənilir. Sərgidə ət və quş məhsulları, konservləşdirilmiş məhsullar, süd məhsulları, dondurma, baqqaliyyə malları, meyvə və tərəvəzlər, uşaq və pəhriz qidaları, tütün məmulatları və digər ənənəvi bölmələr təqdim olunacaq. Bundan əlavə, 2010-cu ilin sərgisi bir neçə tematik ekspozisiyalara bölünəcək. Belə ki, "WorldFood Drink" bölümündə geniş çeşiddə alkoqollu və alkoqolsuz içkilər, "SeaFood" bölümündə isə dəniz məhsulları, onların saxlanması və daşınması üzrə bir çox xidmətlər təqdim olunacaq. "WorldFoodTech" bölümündə yeyinti sənayesinin müxtəlif istiqamətləri, supermarketlər, laboratoriya analizləri üçün avadanlıqlar, eləcə də istehsalın ilkin mərhələsi üçün nəzərdə tutulmuş mini-zavod avadanlıqları nümayiş etdiriləcək. "FoodPack" bölümünün stendlərində isə geniş çeşiddə Türkiyə, Rusiya və digər ölkələrin istehsalı olan qablaşdırma avadanlıqları ilə tanış olmaq mümkün olacaq. Bu il Qafqaz regionunda ilk dəfə olaraq "WorldFood Azerbaijan" sərgisi çərçivəsində Azərbaycan və digər ölkələrin "halal" ərzaq məhsulları istehsalçılarını bir araya gətirəcək "HalalFood" sərgisi keçiriləcək. 2008-ci ilin statistik göstəricilərinə əsasən, bütün dünyada halal ərzaq məhsullarının bazarı 580 milyard ABŞ dolları təşkil etmişdir. Bununla da, "WorldFood Azerbaijan" sərgisi ənənəvi və orijinal məhsullar ilə bol olan stendlər təqdim etməklə regionda parlaq bir hadisəyə çevriləcək.

Təqvimdəki növbəti layihə 1-4 iyun tarixlərində Heydər Əliyev adına İdman və Konsert Kompleksində keçiriləcək "TransCaspian" 8-ci Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika Sərgisi olacaq. Sərgiyə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi, "TRACECA", Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən rəsmi dəstək verilir. Sərginin əsas bölmələri bunlardır: avtomobil yolu nəqliyyatı, neftin nəqli / boru kəmərləri, dəmir yolu nəqliyyatı, gəmiqayırma, ekspeditorlar/daşımaçılar, dəniz nəqliyyatı, loqistika, dəmiryolu avadanlıqları, gömrük xidmətləri, yüklərin sığortalanması, yol-tikinti texnikası, yükləmə və boşaltma avadanlıqları və s.

Ənənəvi "Caspian Oil & Gas" - Xəzər Neft, Qaz, Neftayırma və Neftkimyası Beynəlxalq Sərgisi 1- 4 iyun tarixlərində keçiriləcək. Böyük Britaniyanın "ITE Group" şirkəti və Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası sərginin təşkilatçılarıdır. Sərgidə dünyanın 30 ölkəsindən olan 300-dən çox şirkətin iştirak edəcəyi gözlənilir. İştirakçılar arasında Böyük Britaniya, Almaniya, Çin və Rusiyanın milli qrupları da olacaq. Bu il "Caspian Oil & Gas" sərgisində ilk dəfə olaraq BƏƏ-nin milli stendi iştirak edir. Sərgi meydançasının 40%-dən çox hissəsini "Caspian Oil & Gas" sərgisinin daimi iştirakçıları olan dünya şöhrətli şirkətlər tərəfindən tutulacaq. Onların arasında "BP", "Itochu", "OMV Gas International GmbH", ARDNŞ, "Statoil", "Total", "TPAO" və bir çox digər şirkətlər yer tutur. Bu il ilk dəfə olaraq, özündə külək dəyirmanları, günəş batareyaları və s. müxtəlif ekoloji layihələri əks etdirən alternativ enerji sektoru sərginin xüsusi mövzularından biri olacaq. Sərgidə bu il ilk dəfə iştirak edən şirkətlər də var; onlar neft avadanlıqları, nəqliyyat xidmətləri, neft sektorunda informasiya texnologiyaları kimi bölmələri təqdim edəcəklər. Sərginin ikinci günü, "Hyatt Regency" mehmanxanasının konfrans zalında Xəzər Neft, Qaz, Neftayırma və Neftkimyası Beynəlxalq Konfransı keçiriləcək. Konfransda dünyanın 30 ölkəsindən olan 500 nümayəndə heyətinin iştirak edəcəyi gözlənilir. 2010-cu ildə Azərbaycan Beynəlxalq Bankı sözügedən sərgi və konfransın platin (baş) sponsoru qismində çıxış edəcək. Konfransda Avropanın geosiyasi məsələləri və bu məsələlərdə Azərbaycanın rolu, Xəzər hövzəsinin potensialı, Azərbaycanın enerji sektoruna sərmayə qoyuluşları və bir sıra digər məsələlər müzakirə olunacaq. Regionda ekoloji problemlərə ayrıca bir sessiya həsr ediləcək.

"Iteca Caspian" şirkətinin bütün tədbirləri dövlət strukturlarının rəsmi dəstəyi ilə keçiriləcək. "Paşa Sığorta" şirkəti 2010-cu ildə keçiriləcək sərgilərin tərəfdaşı, "Caspel" şirkəti isə sərgilərin texniki dəstək təchizatçısı qismində çıxış edəcəklər. "Qafqaz Point Hotel" isə sərgilərin rəsmi mehmanxanası olacaq.

"Iteca Caspian" şirkəti öz fəaliyyətini təkcə Azərbaycanda sərgilər keçirməklə məhdudlaşdırmır. Artıq bir neçə ildir ki, Gürcüstanda da sərgi və konfranslar keçirilir. Ənənəvi "GIOGIE" - Gürcüstan Beynəlxalq Neft, Qaz, Energetika və İnfrastruktur Konfransı 24-25 mart tarixlərində, Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşən "Radisson Blu Iveria Hotel" mehmanxanasında keçiriləcək. Konfransda 200-dən çox nümayəndə heyətinin iştirak edəcəyi gözlənilir. Gürcüstandakı konfrans Gürcüstan İqtisadi İnkişaf Nazirliyi, Gürcüstan Energetika Nazirliyi, Gürcüstan Neft və Qaz Korporasiyası, eləcə də Britaniya-Gürcüstan Kommersiya Palatasının dəstəyi ilə keçiriləcək. Konfransın baş sponsoru "SOCAR Georgia Gas" şirkətidir. Gürcüstanın enerji sektoru, Gürcüstanın əsas infrastruktur layihələrinə investisiya qoyuluşları, enerji təhlükəsizliyi, regional əməkdaşlıq və s. konfransın əsas mövzuları olacaq.

Təşkilatçılar ümid edirlər ki, Azərbaycanda keçiriləcək beynəlxalq sərgilər təkcə bu və ya digər sahələrdə əldə edilmiş nailiyyətlərin nümayiş etdirildiyi yer deyil, eləcə də informasiya mübadiləsi və ideyaların formalaşdırılması üzrə mərkəz, həmçinin ticarət müqavilələri üçün etibarlı platforma rolunu oynayacaq.

Xəbər lenti

Xəbər lenti