Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir Ü.İsmayılova/
Dünya maliyyə böhranı ABŞ-da və bir çox Avropa ölkələrində qeydə alındığı kimi, Azərbaycanda işsizliyin səviyyəsinə ciddi təsir göstərməyib. Bunu cümə günü Azərbaycan Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev deyib.
"Əgər 10 il əvvəl Azərbaycanda işsizlərin sayı 525 min nəfər təşkil edirdisə, bu gün bu göstərici 260 minə enib", - Vəliyev bildirib.
Onun sözlərinə görə, Beynəlxalq Əmək Təşkilatının (BƏT) metodologiyası üzrə həftədə minimum bir saat işləyən şəxslər işsizlər sırasına daxil edilə bilməz. Bu hesablama metodikası üzrə Azərbaycanda işsizlərin sayı xeyli aşağıdır, çünki kənd təsərrüfatı sahəsində elə adamlar var, onlar əmək fəaliyyəti ilə həftədə bir neçə saat məşğul olurlar.
Dövlət Statistika Komitəsinin məlumatına görə, aprelin 1-nə olan vəziyyətə əsasən, ölkədə işsiz statusu alan şəxslərin sayı 40,8 min nəfər təşkil edib. Bunun 43,7 faizini qadınlar təşkil edir. Azərbaycanda bir vakant yerə beş nəfər düşür.