Azərbaycan, Bakı, 15 may /Trend/
"Azərbaycan Dəmir Yolları" QSC Kür çayının daşması nəticəsində çökmüş Osmanlı-Azadkənd mənzilində 10 kilometrə yaxın dəmiryolun bərpası üzrə işlər aparır. Bunu QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.
Həmçinin, Osmanlı-Azadkənd dəmiryol mənzilinin 15-ci kilometrliyində yeni körpünün tikilməsi və yolun bərpa olunması üzrə layihələrin hazırlanması gedir.
Mayın 9-dan Kür çayının daşması nəticəsində Bakı-Astara marşrutu üzrə qatarların hərəkəti dayandırılıb. 14 vaqondan ibarət Bakı-Astara-Horadiz qatarı Şirvana qədər vahid şəkildə gedir. Orada isə Bakı-Astara və Bakı-Horadiz qatarlarına ayrılır. Hazırda Horadizə qatarların hərəkəti davam edir, lakin Astaraya hərəkət dayanıb. Astara istiqamətində sutka ərzində 300 nəfər daşınır.
Əzməmmədovun sözlərinə görə, problemlər Osmanlı-Azadkənd dəmiryol mənzilindəki selə görə yaranıb. Yaşayış sahələrini su basmasının qarşısını almaq məqsədilə yolun altından suyun keçməsi üçün tədbirlər görülüb.
Sahilbərkitmə işlərinin aparılması məqsədilə qəza yerinə daş plitələr və köhnə beton şpallarla dolu vaqonlar gətirilir.