Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir Ü.İsmayılova/
Azərbaycanda may ayının əvvəllərində Kür çayının daşması nəticəsində Şirvan şəhərində, Zərdab, Sabirabad və digər rayonlarda təbii fəlakət baş verib ki, bu da əhalinin sağlamlığı üçün potensial təhlükə və sanitariya-epidemioloji gərginlik yaradıb. Bu barədə nazirliyin çərşənbə axşamı yayılan məlumatında deyilir.
Bu gərginliyin aradan qaldırılması, eləcə də daşqından zərər çəkmiş əhaliyə tibbi xidmətin təşkili məqsədilə Səhiyyə Nazirliyinin struktur bölmələrinin və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə təcili müşavirə keçirilib və aparılacaq təxirəsalınmaz tədbirlər müzakirə edilib.
İlk növbədə, Kür çayının səviyyəsinin qalxması ilə əlaqədar zərər çəkmiş rayonlarda əhali arasında yarana biləcək yoluxucu xəstəliklərin qarşısının alınması, fəlakət zonasında əhaliyə ixtisaslaşmış tibbi xidmətin göstərilməsi, eləcə də fəaliyyətlərin əlaqələndirilməsi məqsədilə Səhiyyə Nazirliyində Qərargah yaradılıb.
Elə həmin gündən etibarən əsas profillər üzrə yüksək ixtisaslı həkimlərdən ibarət tibb briqadaları seldən zərərçəkmiş rayonlara ezam olunublar.
Bütün briqadalar tərəfindən daşqınlarla əlaqədar yaranmış sanitariya-gigiyenik vəziyyət öyrənilib, su basmış ərazilərdə gərgin epidemioloji vəziyyətin aradan qaldırılması üçün kompleks tədbirlər planı hazırlanıb və həyata keçirilməsinə başlanıb.
Daşqın ərazilərində zəruri tibbi ləvazimatları, dərman preparatları, dezinfeksiyaedici maddələrin və s. miqdarı dəqiqləşdirilərək rayonlara göndərilib.
Yoluxucu xəstələrin qəbulunun təşkili üçün infeksiya şöbələrində müvafiq şərait yaradılıb, su basmış ərazilərdən köçürülmüş ailələrin kütləvi şəkildə müvəqqəti məskunlaşdığı bütün yerlərdə tibbi xidmət təşkil edilib. Yaradılmış 17 tibb məntəqəsi və 20-dən artıq səyyar tibb briqadaları kifayət qədər dərman preparatları, sarğı materialları və tibbi ləvazimatlarla təmin edilib.
Əhalinin kütləvi məskunlaşdığı yerlərdə yaradılmış tibb məntəqələrinə bu müddət ərzində 50 mindən artıq müraciət olunub və onlara müvafiq tibbi yardım göstərilib. Fəlakətdən zərər çəkmiş əhalidən 200 nəfərdən artıq vətəndaş stasionar müalicəyə cəlb olunub, 4 nəfər cərrahi əməliyyat olunub, 56 doğuş qəbul edilib. Hazırda bu əhalidən 39 nəfəri stasionar müalicədədir. Yeni doğulmuşlar üçün Səhiyyə Nazirliyi tərəfindən uşaq arabaları, uşaq bezləri, yataq, bələk dəstləri, uşaq qidaları, gigiyenik vasitələr və s. alınaraq yerlərə çatdırılıb.
Hadisələrdə əhali arasında ən çox psixoemosional gərginliyin keçirilməsini nəzərə alaraq, Səhiyyə Nazirliyi tərəfindən göndərilmiş mütəxəssislər yerlərdə əhali arasında psixoloji yardımın göstərilməsi istiqamətində müvafiq tədbirləri həyata keçirirlər.
Kür çayının daşması nəticəsində Sabirabad rayonunun su basmış kəndlərindəki zərərçəkmiş 1935 nəfər əhali Şirvan şəhərində Fövqəladə Hallar Nazirliyi tərəfindən yaradılmış "Çadır şəhərciyi"ndə və 2 məktəbdə məskunlaşıblar. Müvəqqəti məskunlaşma yerlərində qalan əhaliyə tibbi xidmətin göstərilməsi məqsədilə 3 tibb məntəqəsi və 4 tibb briqadası fəaliyyətdədir, təcili yardım briqadalarının və nəqliyyatının daimi növbətçiliyi təşkil edilib.
Mayın 31-də əlavə olaraq köçürülmüş 18255 nəfər əhali Sabirabad rayonunda 5 məktəb binasında və 1 çadır şəhərçiyində məskunlaşmışlar.
Saatlı rayonu üzrə su basmış məntəqələrdən köçürülmüş 4863 nəfər əhalidən 695 nəfəri məktəblərdə və s. inzibati binalarda yerləşdiriliblər. 15 kütləvi məskunlaşma yerlərində 8 tibb məntəqəsi təşkil olunub.
Bu ərazilərdə yaşayan əhali arasında kütləvi qida zəhərlənmələrinin qarşısının alınması istiqamətində də müəyyən işlər görülüb. Belə ki, qida sənayesi obyektləri, ictimai iaşə, ticarət, uşaq və yeniyetmə müəssisələrinə nəzarət artırılıb, küçə ticarətinin, nəzərdə tutulmayan yerlərdə ət kəsiminin qarşısının alınması üçün dövlət sanitariya nəzarəti gücləndirilib, əhalinin istifadə etdiyi su mənbələrinə laborator nəzarət təmin edilib.
Malyariya xəstəliyinin profilaktikası məqsədilə fəal malyariya ocaqlarında epidemioloji vəziyyətdən asılı olaraq lokal kimyəvi profilaktikanın və dezinseksiya tədbirlərinin aparılmasına, su basmış ərazilərdə entomoloji tədqiqatların aparılması ilə su durğunluqlarında delarvasiya işinin aparılmasına başlanıb.
İndiyədək heç bir rayonda yoluxucu xəstəliklər, o cümlədən malyariya, eləcə də qida zəhərlənmələri qeydə alınmayıb.
Səhiyyə Nazirliyi qarşısında duran əsas məsələlərdən biri də sel basmış ərazilər qurudulduqdan sonra yoluxucu xəstəliklərin profilaktikası məqsədilə dezinfeksiya və dezinseksiya işlərinin aparılmasıdır.
Sel basmış və qrunt sularının qalxması nəticəsində su altında qalmış 2,8 milyon m2 ərazidə qurudulduqdan sonra dezinfeksiya, 5,4 milyon m2 ərazidə isə dezinseksiya tədbirlərinin aparılması tələb olunur.
Ərazilər tam qurudulduqdan sonra isə 2,0 milyon m2 ərazidə dezinfeksiya, 5,2 milyon m2 ərazidə isə dezinseksiya tədbirləri aparılmalıdır.
Aparılacaq tədbirlər Səhiyyə Nazirliyinin daxili imkanları hesabına həyata keçiriləcək.