...

Azərbaycanın Aran iqtisadi rayonunun sahibkarlarına 45 imtiyazlı kredit ayrılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2010 17:03 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu çərşənbə günü səlahiyyətli kredit təşkilatları vasitəsilə Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 550 min manat məbləğində 45 imtiyazlı kredit verib.
Azərbaycanın Aran iqtisadi rayonunun sahibkarlarına 45 imtiyazlı kredit ayrılıb

Azərbaycan, Bakı, 30 iyun /Trend/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) çərşənbə günü səlahiyyətli kredit təşkilatları vasitəsilə Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 550 min manat məbləğində 45 imtiyazlı kredit verib. Bu barədə nazirliyin çərşənbə günü yayılan məlumatında deyilir.

Şirvan şəhərində və onun ətraf rayonlarında yerləşən sahibkarlıq subyektlərinə kredit resurslarının bölüşdürülməsi regionlarda sahibkarlığa kömək dövlət proqramı mövzusuna həsr edilən tədbirlər çərçivəsində aparılıb.

Tədbir Aran iqtisadi rayonunda fəaliyyət göstərən 250-yə yaxın sahibkarın iştirakı ilə Şirvan şəhərində keçirilib.

Verilən kreditlər hesabına 90 yeni iş yerinin açılması nəzərdə tutulur.

Tədbir iştirakçıları əvvəlcə əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına olmaqla Şirvan şəhərində bitki yağları istehsal edən "Bəhruz" MMC-nin, Neftçala rayonunda damazlıq yumurta və toyuq əti istehsalı ilə məşğul olan "Qaraqaşlı Broyler" ASC-nin, şüşə istehsalçısı "Dizayn Qlaz" MMC-nin fəaliyyəti, Salyan rayonunda "Ələddin Fermer" MMC tərəfindən inşa olunan soyuducu anbar kompleksində aparılan tamamlama işləri, "Hacı Camalxan" MMC-nin inşa etdirdiyi taxıl anbarı və 800 başlıq müasir heyvandarlıq kompleksində aparılan tikinti işləri, plastik boru və məmulatların istehsalı ilə məşğul olan "Salyan plastik kütlə emalı" ASC-nin, süd məhsulları istehsal edən "Salyan süd" MMC-nin və s. fəaliyyəti ilə tanış olublar.

SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kredit verilişi səlahiyyətli banklar və ümumi sayı 36 ədəd təşkil edən qeyri-bank təşkilatları vasitəsilə həyata keçirilir. 2009-cu ildə SKMF səlahiyyətli kredit təşkilatları vasitəsilə ümumi məbləği 30 milyon manat olmaqla 2100-dən çox kredit verib. Bununla da ötən il SKMF hesabına güzəştli kredit alan sahibkarların sayı 2008-ci illə müqayisədə 2,6 dəfə, kreditlərin həcmi isə 48 faiz artıb.

Fond 2010-cu ildə minimum 115 milyon manat həcmində güzəştli kredit ayırmağı planlaşdırır.

İyunun 30-na olan rəsmi məzənnə 0,8039 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti