...

Almaniya bankı Azərbaycanın elektrik enerjisi sektoru üçün maliyyələşmənin həcmini genişləndirməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2010 16:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir İ.Xəlilova/

"KfW" Almaniya İnkişaf Bankı Azərbaycan hökumətinə ölkənin elektrik enerjisi sektorunun maliyyələşdirilməsi ilə bağlı təkilflər təqdim edib. Bu barədə bazar ertəsi "KfW"nin Bakı ofisinin rəhbəri Natiq Abdullayev bildirib.

"Bankın bu sahədə layihələrin maliyyələşdirilməsi üçün dövlət zəmanəti əsasında təqdim etdiyi təkliflər Azərbaycan hökuməti tərəfindən bəyənilib və bunun da əsasında maliyyələşmə təklifləri hazırlanıb. Hazırlanan maliyyələşmə təkliflərinə uyğun olaraq "KfW" elektrik enerjisi sahəsindəki istənilən layihəni maliyyələşdirməyə hazırdır", - Abdullayev vurğulayıb.

Əgər əvvəllər bank alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı üçün Azərbaycana 40 milyon avro məbləğində kredit ayırmaq niyyətində idisə, hazırda təkliflərdə bu məbləğ xeyli artırılıb. Lakin "KfW"nin Bakı ofisinin rəhbəri maliyyələşmənin həcmini bildirməkdən hələlik imtina edib.

"Biz Azərbaycan tərəfindən enerji effektivliyinin artırılması məqsədini güdəcək prioritet layihələr gözləyirik. Bankın kredit vəsaitləri hesabına bir neçə enerji layihəsinin maliyyələşməsi istisna olunmur", - Abdullayev vurğulayıb.

Öncədən Almaniya hökumətinin ayırdığı vəsaitlər (40 milyon avro) külək elektrik stansiyasının tikintisi kimi, bu sahədəki istənilən layihənin maliyyələşdirilməsinə istiqamətlənə bilərdi.

"Bununla yanaşı, "KfW" layihələri yerli banklar vasitəsilə maliyyələşdirməyə hazır olub ki, bu da enerji layihələrinin həyata keçirilməsində yenilikdir. Lakin bunun üçün dövlət zəmanətinin alınması tələb olunurdu. Yeni maliyyə təklifləri çərçivəsində yerli bankların iştirakı ölkə hökumətinin istəyindən asılı olacaq", - Abdullayev hesab edir.

"KfW" əməkdaşlığa başlayandan Azərbaycanın energetika sahəsindəki layihələri artıq maliyyələşdirib. Bunların sırasına "Azərbaycan DRES-İmişli" elektrikötürücü xətlərinin tikintisini daxil etmək olar. Bank bu tikintiyə 30 milyon avro ayırıb. Kredit vəsaitləri illik 0,75 faizlə, 2 illik güzəştli müddət əsasında 12 il müddətinə verilib.

Xəbər lenti

Xəbər lenti