...

İran hökumətinin nümayəndə heyəti Bakıda ticarət, nəqliyyat və energetikanın birgə inkişafını müzakirə edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Sentyabr 2010 09:00 (UTC +04:00)
İran vitse-prezidentinin müavininin bazar ertəsi Azərbaycana başlayan səfərinin başlıca məqsədi iki ölkə arasında iqtisadi əməkdaşlığın səviyyəsinin artırılmasından ibarətdir.
İran hökumətinin nümayəndə heyəti Bakıda ticarət, nəqliyyat və energetikanın birgə inkişafını müzakirə edir

Bakı, Azərbaycan, 27 sentyabr /Trend, müxbir T.Cəfərov/

İran vitse-prezidentinin müavininin bazar ertəsi Azərbaycana başlayan səfərinin başlıca məqsədi iki ölkə arasında iqtisadi əməkdaşlığın səviyyəsinin artırılmasından ibarətdir.

"Bu səfərin məqsədi iqtisadi əməkdaşlığın səviyyəsini siyasi münasibətlərlə eyni səviyyəyə qaldırmaqdan ibarətdir", - Bakıya gəldikdən sonra, İran Prezidenti Aparatının iqtisadi məsələlərə nəzarət şöbəsinin rəhbəri, İran vitse-prezidentinin müavini Əli Ağaməhəmmədi deyib.

Onun sözlərinə görə, səfər iki ölkə arasında iqtisadi münasibətlərin inkişafına impuls ola bilər.

Bakıya gələn İran iqtisadiyyatının müxtəlif sahələrini təmsil edən İran nümayəndə heyətinin üzvləri sənaye, ticarət, elm, dəmiryol nəqliyyatı, energetika, səhiyyə, bank işi, gömrük, hava-sərnişin daşımaları, azad iqtisadi zonaların birgə inkişaf məsələlərini ətraflı müzakirə edəcəklər.

Nümayəndə heyətinin Azərbaycana səfəri öncəsi İran hökuməti təsdiq edib ki, Qəzvin-Rəşt-Astara dəmir yolunun tikintisi üzrə işləri sürətləndirsin. Bu dəmir yolunun tikintisi "Şimal-Cənub" dəmiryol layihəsinin bir hissəsidir.

"Biz ümid edirik, yaxın iki ildə bu yolun inşası başa çatdırılacaq. Azərbaycan ərazisindən 7-8 kilometr dəmir yolu çəkmək lazımdır. Ümid edirik, bu səfər zamanı dəmir yolunun bu hissəsinin tikinti məsələsini razılaşdıracağıq", - Əli Ağaməhəmmədi qeyd edib.

"Şimal-Cənub" layihəsi Avropadan Rusiya, Azərbaycan və İran vasitəsilə Hindistana və Asiyanın cənub-şərq ölkələrinə vahid dəmiryol xəttinin yaradılmasını nəzərdə tutur. Layihənin həyata keçirilməsinə 400 milyon dollar lazımdır. Bununla yanaşı, işlərin çox hissəsi Azərbaycan sərhədinə qədər dəmiryol xətti olmayan İran ərazisində görülməlidir. Azərbaycanda da 35-40 milyon dollar məbləğində müəyyən işlər görülməlidir.

Azərbaycan ərazisində işlərin həcmi Astara (Azərbaycan) stansiyasına qədər 8,5 kilometrə yaxın dəmiryol xəttinin, təkərlərin dəyişdirilməsi üçün sistem stansiyalarının, sərhəd və gömrük infrastrukturunun tikintisini nəzərdə tutur. Sərhəd dəmiryol körpüsünü də tikmək lazımdır, lakin bu layihə İranla paritet əsasda həyata keçiriləcək.

Bu dəhlizlə yüklərin daşınmasının birinci mərhələdə ildə 5 milyon ton, gələcəkdə isə ildə 10-15 milyon tona qədər olacağı proqnozlaşdırılır.

Onun sözlərinə görə, tikintinin birgə aparılacağı istisna edilmir. Azərbaycan və İranı birləşdirəcək bu dəmir yolunun tikintisi yükdaşımalarının həcmini artıracaq.

Bakıda müzakirə ediləcək digər məsələ İran investisiyalarının Azərbaycan iqtisadiyyatına, o cümlədən, vaqon və relslərin istehsalına qoşulmasıdır. Bundan başqa, İran Azərbaycanda elektrik stansiyalarının və boru kəmərlərinin tikintisinə də investisiya yatırmaq niyyətindədir.

"Ümid edirəm ki, əməkdaşlığın inkişafı üzrə proqramın həyata keçirilməsi nəticəsində, ölkələrimiz arasında mal dövriyyəsi ilkin mərhələdə 5 milyard dollar təşkil edəcək, sonradan isə biz bu rəqəmi 10 milyardadək artırmağı planlaşdırırıq", -Əli Ağaməhəmmədi  vurğulayıb.

Xəbər lenti

Xəbər lenti